Accessibility links

BMT daşqınlardan zərər çəkmiş Pakistanda ölümcül xəstəliklərin sürətlə yayıldığı barədə xəbərdarlıq edib


BMT-nin yüksək səviyyəli rəsmisi daşqınlardan zərər çəkmiş Pakistanda malyariya, ishal, qızdırma və dəri xəstəlikləri də daxil olmaqla, müxtəlif xəstəliklərin yayılması səbəbindən ölüm və iztirabların ikinci dalğası ilə bağlıxəbərdarlıq edir.

BMT-nin Pakistandakı Humanitar Yardım üzrə koordinatoru Julyen Harneysin bildirdiyinə görə, iqlimlə bağlı bu fəlakətin ilk dalğası yolların, körpülərin, evlərin və digər infrastrukturların geniş miqyasda dağılmasına səbəb olub.

“Bunlar qlobal istiləşməni dayandırmadıqda nələr baş verdiyini, hansı nəticələrə gətirib çıxaracağını göstərir. Bunun miqyasını təsəvvür etmək mümkün deyil. Bu, kosmosdan görə biləcəyiniz iqlim dəyişikliyi fəlakətidir”.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, üçdə bir hissəsi uşaq olmaqla, təxminən 1700 insan həyatını itirib, 12800 nəfər isə yaralanıb. Məlumatda 33 milyondan çox insanın daşqınlardan zərər çəkdiyi və 7,9 milyon insanın evini tərk etdiyi bildirilir.

Harneys daşqınlardan təsirlənmiş ərazilərdə yayılan xəstəliklər dalğasının milyonlarla insan, əsasən də kəskin qida çatışmazlığından əziyyət çəkən uşaqlar arasında daha çox ölümə səbəb olacağını deyib.

BMT-nin Uşaq Agentliyi (UNICEF) azı 3,4 milyon uşağın təcili həyatlarını xilas edəcək yardıma ehtiyacı olduğunu bildirib.

Harneys insanların səhiyyə sistemi, qida, su və kanalizasiya xidmətlərinin və su basmış ərazilərdə tualetlərə çıxışın olmaması səbəbindən xəstələnib öldüyünü bildirib.

“Tualetə sularda gedən insanlar sonra həmin sulardan içir. O sularda uşaqlar çimir. Beləliklə, bu, xəstəliyi yayır və eyni zamanda 1700-dən çox səhiyyə müəssisəsi və xəstəxana ya dağıdılıb, ya da zədələnib,” Harneys deyib.

O bunun nəticəsində adətən insanları bu cür risklərdən qoruyan səhiyyə sistemlərinin tam işləmədiyini qeyd edib.

XS
SM
MD
LG