Pakistanın baş naziri İmran Xan Əfqanıstan höküməti ilə danışıqlara başlamağa razı salmaq üçün Talibanla görüşməyi planlaşdırdığını bildirsə də, iki tərəf arasındakı siyasi müharibənin sona çatdırılmasının çətin məsələ olduğunu deyib.
Vaşinqtondakı Birləşmiş Ştatlar Sülh İnstitutunda etdiyi çıxışı zamanı İmran Xan deyib ki, Əfqanıstanda 18 ildir davam edən münaqişədə Birləşmiş Ştatlarla Pakistan ilk dəfə olaraq bu qonşu ölkədə sülh səylərini inkişaf etdirmək sahəsində əməkdaşlıq edir.
Pakistanın baş naziri bunu prezident Trampla Ağ Evdə görüşərək, münaqişəyə son qoyulması yolunda birlikdə işləyəcəkləri razılığına gəlindikdən bir gün sonra deyib.
Taliban isə qəti şəkildə Birləşmiş Ştatlarla sülh razılığı əldə edilmədən Kabil hökuməti ilə Əfqanıstan daxilində heç bir danışığa getməyəcəyini bildirib.
İmran Xan Taliban heyətinin bir neçə ay əvvəl onunla görüşmək istədiyini, lakin Əfqanıstan hökumətinin etirazları səbəbindən onlarla görüşü ləğv etdiyini deyib. O bildirib ki, artıq Əfqanıstan prezidenti Əşrəf Qani ilə üsyançı qrupla mümkün görüş barədə danışıb.