Pakistanın xarici işlər naziri Cəlil Abbas Cilani deyib ki, bu həftə hər iki tərəfdən azı 11 nəfərin ölümünə səbəb olan sərhədyanı atışmalardan sonra ölkəsinin qonşu İranla gərginliyi artırmaqda "heç bir marağı və istəyi yoxdur".
Pakistanın döyüş təyyarələri yanvarın 18-də səhər saatlarında İranda militantların olduğu iddia edilən hədəflərə hava zərbələri endirib. Tehranın dediyinə görə, hücum zamanı 6 uşaq və 2 qadın olmaqla, azı 9 nəfər ölüb.
Müvəqqəti Baş nazir Ənvar ül-Haq Kakar hökumətinin tərkibindəki Xarici İşlər Nazirliyinə rəhbərlik edən Cilani yanvarın 19-da türkiyəli həmkarı Hakan Fidanla telefon danışığı zamanı Pakistanın "İran daxilində Bəluc separatçılarına məxsus terror düşərgələrini" hədəf aldığını bildirib.
Pakistan Xarici İşlər Nazirliyinin zəngdən sonra verdiyi qısa açıqlamaya görə, Cilani "Pakistanın gərginliyin artmasında heç bir marağı və ya istəyi yoxdur" deyib.
Sistan-Bəlucistan vilayətinə zərbələr İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yanvarın 16-da Pakistanın cənub-qərbindəki Bəlucistan vilayətində iki uşağın ölümü ilə nəticələnən hücumundan sonra endirilib. Tehran həm İran, həm də ABŞ tərəfindən terror təşkilatı kimi tanınan sünni Bəluc Ceyş Əl-Ədl militant qrupunu hədəf aldığını bildirib.
Cilaninin şərhi İranla qarşıdurmanı müzakirə etmək üçün yanvarın 19-da ölkənin ən yüksək mülki və hərbi xadimlərini bir araya gətirən Pakistan Milli Təhlükəsizlik Komitəsinin (MTK) iclasını keçirməyə hazırlaşdığı vaxta təsadüf edir.
Yanvarın 18-də Fidan İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla danışıb. Abdullahian ölkəsinin "qonşu ölkələrlə əlaqələri genişləndirmək" istəyini bildirib.
Forum