Accessibility links

Pakistanın keçmiş baş naziri Xan prezidentdən sui-qəsd cəhdi ilə bağlı araşdırma aparılmasını istəyib


Pakistanın populist müxalifət lideri İmran Xan prezident Arif Alviyə "ciddi qanun pozuntuları" və ölkənin kəşfiyyat rəisi də daxil olmaqla, yüksək səviyyəli hərbi məmurların siyasi müdaxiləsi ilə bağlı araşdırma aparılmasını tələb edən məktub yazıb.

70 yaşlı keçmiş Baş nazir keçən cümə axşamı Pəncab vilayətində özünün Təhrik-i-İnsaf Partiyasının (PTI) yeni seçkilərin keçirilməsi tələbi ilə keçirilən mitinqinə rəhbərlik etdiyi zaman sui-qəsd cəhdindən sağ çıxıb. O, sağ ayağından güllə yarası alıb və hazırda vilayətin paytaxtı Lahordakı evində müalicə olunur.

Bazar ertəsi Təhrik-i-İnsaf Partiyası Xanın Alviyə yazdığı məktubun surətini yayımlayıb. Müxalifət lideri məktubda hücumun baş nazir Şehbaz Şərif, daxili işlər naziri və Xidmətlərarası Kəşfiyyat İdarəsinin (ISI) yüksək vəzifəli rəsmisinin planlaşdırdığına dair iddialarını təkrarlayıb.

Xan Pakistan kəşfiyyat orqanlarından ona qarşı sui-qəsd planının hazırlandığına dair məlumatı olduğunu iddia edib. Kriket ulduzundan siyasətçiyə çevrilmiş Xan iddiaları əsaslandırmaq üçün heç bir sübut təqdim etməyib və onun həyatına sui-qəsdlə bağlı araşdırmanın qərəzsiz aparılması üçün üç nəfərin istefasını tələb edib.

Hökumət və hərbçilər ittihamları "əsassız və məsuliyyətsiz", eləcə də "tamamilə qəbuledilməz və yersiz" adlandırıb.

Məktubda Xan Xidmətlərarası Kəşfiyyat İdarəsinin rəisi, general-leytenant Nadim Ancumu və ordunun media qanadı olan Xidmətlərarası İctimai Əlaqələr İdarəsinin (ISPR) rəhbəri general-leytenant Babar İftixarı keçən ayın sonunda milli televiziyada yayımlanan mətbuat konfransında ona qarşı çıxışlarına görə tənqid edib. Kəşfiyyat İdarəsi rəhbərinin rəsmi olaraq jurnalistlərə söhbəti Pakistan tarixində ilk dəfə baş verib.

"Bir-biri ilə əlaqəli iki sual araşdırılmalıdır: Pakistanın baş kəşfiyyat agentliyinin rəhbəri necə açıq mətbuat konfransı keçirə bilər? İki hərbi bürokrat ən böyük federal siyasi partiyanın liderini hədəf alan siyasi mətbuat konfransını necə keçirə bilər?" deyə, Xan soruşub.

Təhrik-i-İnsaf Partiyasının rəhbəri həmçinin Xidmətlərarası İctimai Əlaqələr İdarəsinin (ISPR) rəhbərini siyasi liderlərə qarşı bəyanatlar verdiyinə görə tənqid edib. O, yazıb ki, qurumun rolu "aydın şəkildə müəyyən edilməli, müdafiə və hərbi məsələlərlə bağlı məlumatlarla məhdudlaşdırılmalıdı

Nə prezident aparatı, nə də hərbçilər məktuba cavab verməyib.

Təhlükəsizlik rəsmisi Amerikanın Səsinə telefonla deyib ki, Xanın məktubu "siyasi mənfəət əldə edilməsi üçün faktları və rəqəmləri təhrif etməkdən başqa bir şey deyil".

Adının açıqlanmasını istəməyən rəsmi Xanı ona qarşı silahlı hücumla bağlı araşdırma aparılana qədər əsassız ittihamlar irəli sürməkdən və “məsuliyyətsiz” ifadələr verməkdən çəkinməyə çağırıb.

Xan aprel ayında parlamentin etimadsızlıq səsverməsi ilə baş nazir vəzifəsindən uzaqlaşdırılıb. O, heç bir sübut təqdim etmədən ABŞ-ı Pakistanın güclü hərbi və siyasi rəqibləri ilə əlbir olaraq, onun hökumətini devirməkdə ittiham edib.

Vaşinqton və İslamabad onun vəzifəsindən kənarlaşdırılmasında hər hansı rolunu inkar edib.

XS
SM
MD
LG