Pakistanın şimal-qərbində bir İslam dini seminariyasında çərşənbə axşamıbaş verən güclü bomba partlayışı azı 8 nəfərin ölümünə, 130-dan çox insanın yaralanmasına səbəb olub.
Polisin bildirdiynə görə, Pişəvər şəhərində şagirdlərlə dolu seminariyada əldəqayırma partlayıcı qurğu səhər tezdən, dərslər başlayan zamanı partlayıb.
Mobil telefonla çəkilmiş görüntülərdə bomba partlayaşının baş verdiyi zaman din müəlliminin Camiyə Zubeyriyə mədrəsəsində (seminariya) müsəlmanların müqəddəs Qurani Kərim kitabından ayələr oxuduğu göstərilib.
Yüksək səviyyəli polis məmuru Mənsur Aman jurnalistlərə partlayıcı qurğunun kiminsə mədrəsədə qoyduğu çantada gizlədildiyini deyib.
Şahidlər və xilasetmə işçiləri hadisə qurbanlarının əsasən uşaqlar olduğunu bildirib.
Ölümlə nəticələnən bomba partlayışının məsuliyyətini öz üzərinə götürən olmayıb.
Xəstəxana rəsmiləri ölənlərin sayının artacağını gözləyir.
Partlayış Pakistan liderlərinin sərt qınağına səbəb olub.
Baş nazir İmran Xan bu terror hücumundan "çox kədərləndiyini" deyib. "Millətimi əmin etmək istəyirəm ki, bu alçaq barbar hücumda əli olan terrorçuları ən qısa zamanda ədalət qarşısına çıxaracağıq" - deyə, o bildirib.
Pakistanın Əfqanıstanla həmsərhəd Xeybər Paxtunxva vilayətinin paytaxtı Pişəvər illərdir Pakistan Talibanın günahlandırıldığı hücumlara səhnə olub.