Accessibility links

Pakistan seçkilərində müxalifət öndə gedir


Pakistanda parlament seçkilərinin ilkin nəticələrinə görə müxalifət öndədir. Ölkənin Təhrik-e-İnsaf partiyasının lideri İmran Xan artıq partiyasının seçkidə qalib gəldiyini elan edib.

O, iyulun 26-da yerli televiziyada söyləyib ki, “Allaha şükür, qalib gəldik, uğur qazandıq”. “Allah qoysa, örnək olacağıq” – o, sözlərinə əlavə edib.

Artıq bülletenlərin yarıya qədəri sayılıb və PTI-nin öndə olduğu bildirilir. Ancaq hakim PML-N və bir neçə kiçik partiya nəticələrini rədd edib, seçkidə irimiqyaslı saxtakarlıq və manipulyasiya yol verildiyini deyib.

​Seçki komissiyasının rəsmisi isə səssaymanın yubanmasını elektron sistemdə texniki qüsurla izah edib, hazırda bülletenlərin əllə sayıldığını deyib.

Komissiya sədri Sərdar Raza “seçkinin 100 faiz şəffaf və ədalətli” keçdiyini vurğulayıb.

Xanın partiyası parlamentin Milli Məclis kimi tanınan aşağı palatasında 272 yerdən 113-nü əldə edib. 342 yerli parlamentdə qalan yerlər qadınlar, azlıqlar və daha kiçik partiyalar üçün nəzərdə tutulub.

Təhlilçilər deyir ki Xan kiçik qruplar və müstəqil üzvlərin yardımı ilə hökuməti təşkil edəcək.

Onun əsas rəqibləri Pakistanın həbsdə olan sabiq baş naziri Nəvaz Şərifin müsəlman liqası PML-N partiyası və Bilaval Bhuttonun Pakistanın Xalq Partiyası olub.

XS
SM
MD
LG