Pakistanın aviasiya idarəsi bildirir ki, göyərtəsində azı 98 sərnişin olan və Pakistan Beynəlxalq Hava Yollarına məxsus təyyarə Kəraçi şəhərində yaşayış sahəsində qəzaya uğrayıb. Təyyarə hava limanına eniş etməyə 1 dəqiqə qalmış yaşayış binalarına çırpılıb.
Böyük toz dumanı, tüstü, qəzanın səbəb olduğu istilik, yüksək hava temperaturu, eləcə də dar məhəllələr xilasetmə işlərini çətinləşdirir.
Pakistan ordusunun sözçüsü general Babar İftixar Twitterdən bildirib ki, "Pak Ordu Aviasiyasına məxsus helikopterlər ziyanı qiymətləndirməyə və xilasetmə işləri üçün əraziyə uçub. Xilasetmə qrupları da əraziyə göndərilib".
Qəzadan dərhal sonra hadisə yerinə çoxsaylı mülki və hərbi xilasetmə qurumları gedib. Qeyri-hökumət yardım agentliklərinin təcili yardım maşınları yaralıları təxliyə etməyə çalışır. Qəzanın olduğu ərazidə böyük izdiham toplaşdığı bildirirlir.
Məlumatlara əsasən Lahordan Kəraçi şəhərinə uçan təyyarə Pakistan Beynəlxalq Hava Yollarına məxususdur. Qəzanın səbəbi araşdırılır.
Pakistan Beynəlxalq Hava Yollarınının sözçüsü Abdul Sattar yerli Dawn qəzetinə bildirib ki, "hal-hazırda qəza ilə bağlı bir şey söyləmək çox tezdir. Bizim bütün heyətimiz qəza enişinin nəticələrini aradan qaldırmaq üçün təlimatlandırılıb. Ailələrə dualarımızı göndəririk. Hadisə ilə bağlı şəffaf şəkildə məlumat verməyə davam edəcəyik".
Təyyarə 160 sərnişin tutumuna malikdir. Lakin koronavirus səbəbi ilə tətbiq olunan sosial məsafə qaydalarına əsasən sərnişinlərin sayı azaldılıb.