Accessibility links

Pfizer: Pandemiya 2024-cü ilədək davam edə bilər


Pfizer şirkəti cümə günü COVID-19 pandemiyasının 2024-cü ilə qədər bitməyəcəyini proqnozlaşdırıb və vaksinin 2-4 yaşlı uşaqlar üçün nəzərdə tutulan daha aşağı dozalı versiyasının gözlənilidiyindən daha zəif immun reaksiya yaratdığını bildirib.

Pfizer-in baş elmi direktoru Miakel Dolsten sərmayeçilərə təqdimatında bildirib ki, şirkət bəzi regionlarda növbəti bir-iki il ərzində COVID-19-a yoluxma hallarının pandemiya səviyyəsində olacağını gözləyir. Onun dediyinə görə, digər ölkələr həmin vaxt ərzində daha aşağı və nəzarət altına alına biləcək yoluxmalarla “endemiya”ya keçid edəcək.

Şirkət 2024-cü ildə xəstəliyin dünya boyu endemiya səviyyəsində olacağını proqnozlaşdırıb.

“Bunun nə zaman və necə baş verəcəyi xəstəliyin inkişafından, cəmiyyətin vaksin və müalicələri tətbiq etməsinin effektivliyindən və onların vaksinasiya səviyyəsinin aşağı olduğu yerlərə ədalətli şəkildə paylanmasından asılı olacaq,” Dolsten deyib. “Yeni variantların üzə çıxması da pandemiyanın necə irəlilədiyinə təsir göstərə bilər.”

Pfizer COVID-19 vaksinin Almaniyanın BioNTech SE şirkəti ilə birlikdə inkişaf etdirib və gələn il vaksindən 31 milyard gəlir əldə etməyi nəzərdə tutur. Şirkət gələn il 4 milyard peyvənd istehsal etməyi planlaşdırır.

Əczaçı şirkət həmçinin Paxlovid adlı eksperimental dərman istehsal edib. Bu dərman kliniki sınaq zamanı yüksək risk daşıyan insanlar arasında xəstəxanaya yerləşdirmə və ölüm hallarını təxminən 90 faiz azaldıb.

Refinitiv-in IBES məlumatlarına əsasən, üç təhlilçi dərmanın gələn il satışlarının 15-25 milyard dollar olacağını təxmin edir.

Pfizerin proqnozu omikron variantının ötən ay üzə çıxmasından sonraya təsadüf edib. Omikronun virusun orijinal versiyası ilə müqayisədə 50-dən çox mutasiyası var. Bu da iki dozalı vaksinin virusa qarşı təsirini azaldıb və onun dünya boyu sürətlə yayılmaq ehtimalı ilə bağlı narahatlıqları artırıb.

Omikron variantından öncə ABŞ-ın yoluxucu xəstəliklər üzrə baş həkimi Antoni Fauçi Birləşmiş Ştatlarda pandemiyanın 2022-ci ildə başa çatacağını proqnozlaşdırırdı.

XS
SM
MD
LG