Accessibility links

Pandemiya Dayanıqlı İnkişaf Məqsədlərinə də mənfi təsir göstərib


Dünyada orta göstərici ilk dəfə geriləyib

Birləşmiş Millətlər Təşkilatının (BMT-nin) “Dayanıqlı İnkişaf – 2021” (Sustainable Development Repost 2021) adlı hesabatı yayımlanıb. Bu sənəddə ötən il ərzində dünya ölkələrində Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı durum dəyərləndirilib. Hesabat BMT-nin 2015-ci ildəki sammitində 193 üzv ölkənin qəbul etdiyi “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” əsasında hazırlanır. Bu gündəliyin başlıca hədəfi dünyada yoxsulluğun bütün çeşidlərinə son qoymaq, bərabərsizliklərə qarşı tədbirlər görmək, iqlim dəyişikliyi, dəniz və torpaq ekosisteminin qorunması və digər qlobal təhdidlərlə mübarizə aparmaqdır.

Hesabat üzrə reytinqin müəyyənləşdirilməsindən ötrü 17 Dayanıqlı İnkişaf Məqsədi qəbul edilib. Artıq sadalananlardan əlavə yaxşı səhiyyə və rifah, keyfiyyətli təhsil, gender bərabərliyi, təmiz su və sanitariya, sərfəli və təmiz enerji, layiqli əmək və iqtisadi artım və s. göstəricilər də izlənir.

Budəfəki hesabatla bağlı ən çox diqqətçəkən məqam hesabatın yayımlandığı illər ərzində ilk dəfə Dayanıqlı İnkişaf Məqsədlərinə dair dünya üzrə orta göstəricinn bir əvvəlki ilə nəzərən azalmasıdır. Bu azalmaya səbəb olaraq pandemiya nəticəsində yoxsul və işsizlərin sayca artması göstərilir. Hesabatda Covid-19 pandemiyasının həm iqtisadi, həm sosial, həm də ətraf mühit baxımından Dayanıqlı İnkişaf Məqsədlərinə mənfi təsir göstərdiyi ayrıca vurğulanıb.

Vurğulanan daha bir məqam zəngin və yoxsul ölkələrin maliyyə resurslarına çıxış imkanları arasındakı bərabərsizlikdir. Hesabatda qeyd edilir ki, pandemiyanın gətirdiyi böhran maliyyə sistemi ilə bağlı çatışmazlıqları da ortaya çıxarıb. Çünki bu dönəmdə yüksək gəlirli ölkələr rahatlıqla böyük miqdarda kredit resursları cəlb edə biliblər, ancaq kredit reytinqlərinin aşağı olması ucbatından azgəlirli ölkələrin maliyyə resurslarına çıxışı məhdud olub. Hesabatda qeyd edilir ki, maliyyə resurslarına çıxış baxımından möbcud belə bərabərsizlik yüksək gəlirli ölkələrin pandemiyanın mənfi iqtisadi təsirlərindən daha tez yaxa qurtarmalarına kömək edəcək. Aşağı gəlirli ölkələrdə isə bu proses nisbətən daha uzun çəkəcək. Bu səbəbdən dayanıqlı inkişafa nail olmaq baxımından azgəlirli ölkələrin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi vacibdir.

Azərbaycanda vəziyyət necədir?

Budəfəki dayanıqlı inkişaf hesabatına görə, Azərbaycan 100 mümkün baldan 72,4 bal toplayaraq hesabatın əhatə etdiyi 165 ölkə arasında 55-ci olub. Bu, əvvəlki illə müqayisədə 1 pillə geriləmə deməkdir. Bir il əvvəlki hesabatda Azərbaycan 72,6 bal toplayaraq 166 ölkə arasında 54-cü yerdə qərarlaşmışdı.

Hesabatda ölkələr iki biçimdə qiymətləndirilib. Birinci qiymətləndirməyə görə, inkişaf yaxşılaşma, durğunluq və azalma kimi fərqli göstəricilər əsasında aparılıb. Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri üzrə nəticələri ayrı-ayrılıqda gözdən keçirilsə, ölkənin il ərzində 17 istiqamət arasında 8 istiqamət üzrə irəliləyişi görünəcək. Bu istiqamətlər yoxsulluğa son, yaxşı səhiyyə və rifah, təmiz su və sanitariya, sərfəli və təmiz enerji, dayanıqlı şəhər və icmalar, iqlim dəyişikliyi ilə mübarizə, sülh, eləcə də məqsədlər üçün tərəfdaşlıqdır.

Keyfiyyətli təhsil istiqamətində isə əksinə, geriləmə, aclığa son, gender bərabərliyi, layiqli əmək və iqtisadi artım, sənaye, innovasiya və infrastruktur, yer üstündə həyat kimi istiqamətlərdə isə durğunluq müşahidə edilib.

İkinci qiymətləndirmə mövcud problemlərin aradan qaldırılması səviyyəsinə görə müəyyənləşdirilib. Bu qiymətləndirmədə Azərbaycan üzrə 17 sahədən yalnız birində - yoxsulluğun aradan qaldırılması istiqamətində uğur qazanıldığı göstərilib.

Aclığın azaldılması, sağlamlıq, təmiz su və sanitariya, sənaye, innovasiya və infrastruktur, bərabərsizliyinin azaldılması,məsuliyyətli istehlak və istehsal, iqlim dəyişikliyinə qarşı mübarizə və məqsədlər üçün tərəfdaşlıq kimi məsələlərdə əhəmiyyətli çağırışlara hələ də əməl olunmadığı bildirilib.

Hesabatda gender bərabərliyi, layiqli iş və iqtisadi inkişaf, yer üzərində həyat və sülh, ədalət və güclü institutlar sahəsində özəlliklə önəmli çağırışlara əməl olunmadığı vurğulanıb.

Ən yaxşı və ən pis nəticə göstərənlər

Hesabatın nəticələrinə görə, ən yüksək bal toplayan ilk üç ölkənin üçü də Skandinaviya ölkələridir. Finlandiya (85,9), İsveç (85,6) və Danimarka (84,9) dayanıqlı inkişaf məqsədləri ilə bağlı vəziyyətin ən yaxşı olduğu ölkələrdir.

Ən pis göstərici isə Mərkəzi Afrika Respublikasında (38,3 ) qeydə alınıb. Cənubi Sudan (38,9) və Çad (40,9) da ən pis göstəriciyə malik ölkələrin ilk üçlüyünə daxildir.

Region ölkələrindən Gürcüstan 72,2 bal toplayaraq Azərbaycandan bir pillə geri qalıb. 71,8 bal toplayan Ermənistan 58-ci, Rusiya 46-cı (73,8), Türkiyə 70-ci (70,4), İran (70) isə 74-cü sırada qərarlaşıb.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG