Accessibility links

Pentaqon: Suriyadakı bütün hədəflər müvəffəqiyyətlə məhv edilib


Pentaqonun mətbuat katibi Dana Uayt və ABŞ Silahlı Qüvvələri Baş Qərargahının təmsilçisi general-leytenant Kenet Makkenzi
Pentaqonun mətbuat katibi Dana Uayt və ABŞ Silahlı Qüvvələri Baş Qərargahının təmsilçisi general-leytenant Kenet Makkenzi

Pentaqonda şənbə səhəri keçirilən brifinqdə ABŞ-ın hərbi rəhbərliyi bəyan edib ki, Suriyada müəyyən edilmiş bütün hərbi hədəflər müvəffəqiyyətlə məhv edilib. Bununla bərabər bildirilib ki, amerikalı hərbçilər öz addımlarını rusiyalı həmkarları ilə koordinasiya etməyiblər.

Brifinqdə çıxış edən ABŞ Silahlı Qüvvələri Baş Qərargahının təmsilçisi general-leytenant Kenet Makkenzi bildirib ki, atılan 105 raketdən heç biri Suriyanın raket əleyhinə müdafiə sistemi tərəfindən vurulmayıb.

General-leytenant Makkenzinin sözlərinə görə, Suriyanın istifadə etdiyi 40 raketin əksəriyyəti hədəf alınan üç obyektin uğurla məhv edilməsindən sonra atılıb. Daha öncə rusiyalı hərbçilər iddia edirdilər ki, suriyalılar koalisiya qüvvələrinin 103 qanadlı raketindən 71-ni məhv edə biliblər.

ABŞ Silahlı Qüvvələri Baş Qərargahının təmsilçisi əlavə edib ki, hal-hazırda əldə olan məlumata görə, raket zərbələri nəticəsində mülki əhali arasında itkilər yoxdur.

Brifinqin sonunda Pentaqonun mətbuat katibi Dana Uayt diqqəti son 24 saat ərzində fəallıqları 2000 faiz artıran və Suriyadakı hadisələrlə bağlı dezinformasiya yayan “rus trolları”-na yönəldib.

XS
SM
MD
LG