Accessibility links

Azərbaycanda parlament seçkiləri keçirilir


Seçki xəritəsi
Seçki xəritəsi

Noyabrın 1-də Azərbaycanda Milli Məclisə seçkilər keçirilir. Səsvermə saat 8.00-dan başlayıb və saat 19.00-da başa çatacaq.

Seçkilərdə 125 deputat yeri uğrunda 767 namizəd mübarizə aparır.

İqtidarda olan Yeni Azərbaycan Partiyasının 125 seçki dairəsindən 116-da deputatlığa namizədi qeydə alınıb. Ölkənin əsas müxalifət qüvvələri sayılan Milli Şura, Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyaları, o cümlədən NİDA Vətəndaş Hərəkatı seçkidə iştirakdan imtina etdiyini bəyan edib.

Bununla yanaşı, seçkilərdə müxalifətdə olan REAL Vətəndaş Hərəkatı, “Azadlıq-2015” seçki blokunun namizədləri mübarizə aparır.

Mərkəzi Seçki Komissiyasının rəsmilərinin dediyinə görə, seçkiləri izləmək üçün 66 mindən artıq yerli müşahidəçi qeydiyyatdan keçib. Onların 2 619-u Mərkəzi Seçki Komissiyasında, 63 mindən çoxu dairə seçki komissiyalarında qeydə alınıb.

Səsvermə prosesini 501 beynəlxalq müşahidəçi izləyəcək. Onlar 27 beynəlxalq təşkilatı və ölkəni təmsil edir. Bununla yanaşı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda parlament seçkilərini müşahidə etməkdən imtina edib.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçiciləri səsvermə prosesində aktiv olmağa çağırıb.

“Seçkilərin şəffaf, demokratik və ədalətli keçirilməsi üçün hər cür şərait yaradılıb. 1000-dək seçki məntəqəsində veb-kameralar quraşdırılıb, seçkilərdə müşahidə aparmaq üçün çoxsaylı müşahidəçilər qeydiyyatdan keçib”, o qeyd edib.

Öz növbəsində, seçkilərdə iştirak etməyən müxalifət təşkilatları ölkədə azad, demokratik və ədalətli seçki mühitinin olmadığını bildirir. Onların fikrincə, bütün seçki komissiyaları iqtidarın nəzarətindədir, namizədlərin təbliğat və debat aparması üçün pulsuz efir vaxtı ayrılmayıb, ölkədə çoxsaylı siyasi və vicdan məhbusları var, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun bundan öncəki seçkilərin nəticələri ilə bağlı irəli sürdüyü tövsiyələr nəzərə alınmayıb, seçki qanunvericiliyində dəyişikliklər edilməyib.

MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək.

Seçkilərin yekun nəticələri noyabrın 21-dək elan olunacaq.

XS
SM
MD
LG