Fevralın 4-də döyüşlər dayandırıldıqdan sonra Azərbaycan Ordusunun nəzarətinə qaytarılmış Ağdam rayonunda baş verən partlayış nəticəsində əsgər Qubad Zeynalov həlak olub. Digər iki hərbi qulluqçu, Nemət Babayev və Balaqardaş Məlikməmmədov müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirir ki, hazırda yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Müdafiə Nazirliyi hərbi qulluqçunun hansı şəraitdə həlak olması və hansı hərbi sursatın partlaması barədə məlumat vermir.
Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar 30 ildən artıq davam edən münaqişədə 90-cı illərin əvvəllərindən sonra ən ciddi hərbi toqquşmalar olub. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.
Razılışmaya əsasən, Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycanın nəzarətinə qaytarıb.
Döyüş gedən ərazilərin ermənilər yaşayan hissəsində Rusiya Müdafiə Nazirliyi, Azərbaycan Ordusunun nəzarətində olan hissəsində isə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi, Azərbaycan, Türkiyə və Rusiya Müdafiə Nazirliklərinin minaaxtaranları işləyir.
Hərbi ekspert, Azərbaycan Ordusunun keçmiş korpus komandiri Şair Ramaldanov Amerikanın Səsinə müsahibəsində bildirib ki, münaqişə gedən ərazidə basdırılan minaların miqdarını və növünü demək mümkün deyil.
“Minalar daha çox düzənlik ərazilərdə basdırılıb,” o qeyd edib.
Bununla yanaşı, döyüş zonasında on minlərlə partlamamış döyüş sursatları qalmaqdadır.