ABŞ Nümayəndələr Palatasının demokrat spikeri Nensi Pelosi prezident Donald Trampı impiç etmək barədə suala “o sadəcə buna layiq deyil” cavabı verib.
Bazar ertəsi Washington Post-da dərc edilən müsahibəsində Pelosi Trampın etik və intellektual baxımdan Ağ Evə uyğun olmadığını deyib.
Amma bununla belə, bu yaxınlarda demokratların nəzarətində olan Nümayəndələr Palatasının Tramp, onun kampaniyası və biznes fəaliyyəti ilə bağlı bir sıra təhqiqatlar apardığı bir vaxt Pelosi prezidentin impiç edilməsi haqda çağırışlarla bağlı sualları cavablandırarkən bunun ölkəyə mümkün "mənfi təsirlərindən" danışıb.
“İmpiçment ölkədə ixtilafa səbəb olur. Həll olunması mümkün olmayan və hər iki partiyanın üzvlərinin öz aralarında razılıq əldə edə bilməməsi kimi bir vəziyyətin mövcud olmadığı halda düşünmürəm ki, biz belə bir seçim etməliyik. Ona görə ki, prezidentin impiç edilməsi ölkəni ikiyə ayırır” - deyə, Nensi Pelosi Washington Post-a bildirib.
Vaşinqtonda çalışdığı müddət ərzində hazırkı siyasi iqlimin ən çox fikir ayrılığına səbəb olduğu bir dövr olub-olmadığı sualına Pelosi "bəli" cavabı verib və bütün baş verənlərə görə Trampı və Konqresdə ona şərait yaradan respublikaçıları təqsirləndirib.
Spiker hazırda onun diqqət mərkəzində 2020-ci il seçkiləri, Senata nəzarəti respublikaçılardan geri almaq, Nümayəndələr Palatasına partiyasının nəzarətini itirməmək və Ağ Evə demokratların dəstəklədiyi namizədin seçilməsinə nail olmaq olduğunu deyib.
Nensi Pelosi bu üç məqsəddən ən əsasının demokratların Trampı məğlub etməsi olduğunu bildirib. Onun sözlərinə görə, buna səbəb Trampın ölkəsinin dəyərlərinə və Konstitusiyasına, o cümlədən NATO və Paris iqlim sazişinə dair öhdəliyə məhəl qoymamasıdır.