Accessibility links

Penitensiar Xidmət Mehman Hüseynovun səhhətində problem olmadığını, vəkilləri problem olduğunu deyir


“Mehman Hüseynov qida və su qəbul edir. Onun səhhətində hər hansı problem yoxdur. Hüseynovun vəkilləri ilə mütəmadi görüşləri təqdim olunur. Eyni zamanda qanunvericliyə uyğun olaraq o, telefon danışıqlarından istifadə edir.” Bu barədə Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov yanvarın 1-də Amerikanın Səsinin sorğusunun cavabında bildirib.

Sadıqov blogerin 1 saylı Bakı İstintaq Təcridxanasına (Kürdəxanı təcridxanası) köçürüldüyünü deyib.

Mehman Hüseynovun səhhətində hər hansı problem yoxdur.
Mehman Sadıqov, Penitensiar Xidmətin sözçüsü

Öz növbəsində vəkillər Şəhla Hümbətova və Fuad Ağayev Amerikanın Səsinə Mehman Hüseynovla dekabrın 28-dən sonra görüşlərinin olmadığını bildirib.

“Dekabrın 28-dən sonra bayram günləri başlayıb və bu günədək nə telefon vasitəsi ilə Mehman Hüseynovla əlaqəmiz olub, nə də görüş imkanı olmayıb”, vəkil Şəhla Hümbətova Amerikanın Səsinə deyib.

Vəkil Fuad Ağayev də Amerikanın Səsinə eyni fikirləri bildirib.

“Sonuncu dəfə dekabrın 28-də Mehman Hüsenyovla görüşmüşük. Ondan sonra onunla hər hansı əlaqəm olmayıb. Bu səbəbdən də Hüsenyovun səhhəti və durumu ilə bağlı hər hansı məlumatım yoxdur. Amma, Mehman dünən ailəsinə zəng edib, deyib ki, aclığı davam etdirir. Söhbət əsnasında səhhətinin ağırlaşdığını, huşunu itidiyini bildirib. O ailə üzvlərinə vəziyyətinin ağırlaşdığına görə inneksiya yolu ilə bədəninə dərmanlar yeridildiyini deyib. Hüseynov ailə üzvlərinin tövsiyəsi ilə su içəcəyinə söz verib”, Fuad Ağayev Amerikanın Səsinə deyib.

Hüseynovun atası Rafiq Hüseynov dekabrın 31-də Amerikanın Səsinə bildirib ki, Mehmanın sağlamlıq durumu çox ağırdır, qida və sudan imtina edir.

Mehman Hüseynovun saxlanıldığı 14 saylı cəzaçəkmə müəssisəsinin qarşısı
Mehman Hüseynovun saxlanıldığı 14 saylı cəzaçəkmə müəssisəsinin qarşısı

“Oğluma kömək lazımdır. Onu telefonla danışmaq üçün əllərində gətirmişdilər,” Rafiq Hüseynov bildirib.

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger itthamın yalan və böhtan olduğunu bildirib. Dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını vəkilləri vasitəsi ilə bəyan edib.

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.

Mehman Hüseynov ailə üzvlərinə vəziyyətinin ağırlaşdığına görə inneksiya yolu ilə bədəninə dərmanlar yeridildiyini deyib.
Vəkil Fuad Ağayev

Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Videolar geniş ictimai müzakirələrə yol açıb. Onun Facebook səhifəsinin 350 minə yaxın izləyicisi var.

Öz növbəsində rəsmi Bakı bütün fundamental azadlıqların tam təmin edildiyini bəyan edir. Hökumət rəsmiləri insanların qanun qarşısında bərabər olduğunu, heç kimin ifadəsinə, siyasi yönümünə görə həbs edilmədyini bildirir.

Bununla yanaşı yerli hüquq müdafiəçiləri 150 nəfəri siyasi məhbus kimi tanıyır. Beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda 10 jurnalist və blogerin həbsdə olduğu qeyd edilir. Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı ölkədə ondan çox insanı vicdan məhbusu elan edib.

XS
SM
MD
LG