ABŞ-ın Vitse-prezidenti Mayk Pens oktyabrın 17-də Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra Türkiyənin Suriyanın şimal-şərqində apardığı hərbi əməliyyatlara ara verməyə razı olduğunu elan edib.
`Türkiyə Suriyanın şimal-şərqində kürd qüvvələrinin geri çəkilməsinə icazə vermək üçün beş günlük atəşkəsə razılıq verdi` - deyə, Vitse-prezident Mayk Pens Türkiyə Prezidenti Tayyib Ərdoğanla danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
Türkiyə xarici işlər naziri Mevlut Çavuşoğlu isə keçirdiyi mətbuat konfransında fərqli bəyanat yayıb.
"Bu, atəşkəs deyil," o bildirib. "Biz terroristlərin çıxması üçün əməliyyata 120 saatlıq fasilə verəcəyik. Biz əməliyyatları yalnız şərtlərimizə əməl olunandan sonra dayandıracağıq."
Çavuşoğlu deyib ki, Fərat çayından 30 kilometrlik şərqdə "təhlükəsizlik zonası" yaradılmalıdır.
“Bu sivilizasiya üçün möhtəşəm gündür,” deyə Prezident Donald Tramp atəşkəs barədə razılaşmanı Twitterdə alqışlayıb. “...Milyonlarla həyat xilas ediləcək. Hamını təbrik edirəm!”
Pens Ankaraya ABŞ Prezidenti Donald Trampın hərbi əməliyyatlarla əlaqədar olaraq Türkiyəyə qarşı ciddi sanksiyalar tətbiq etməklə bağlı hədələrindən bir gün sonra gəlib. Birləşmiş Ştatların siyasi dairələrində Trampın ABŞ hərbi qüvvələrini Suriyadan çıxarmaqla Ankaranın uzun müddətdir planlaşdırdığı hərbi əməliyyatlara yaşıl işıq verən qərarı ilə bağlı tənqidlər artmaqdadır.
Bir həftədir sürən əməliyyatlar 160 min mülki vətəndaşın döyüşlər nəticəsində yerlərindən didərgin düşməsi ilə Suriyada humanitar böhrana səbəb olub. Türkiyənin hərbi əməliyyatları Suriya kürdlərinin həbsxanalarında qalan minlərlə İŞİD döyüşçüləri ilə bağlı təhlükəsizlik xəbərdarlığının verilməsi və ABŞ-da prezident Trampın özü üçün siyasi təlatümlə nəticələnib.
Prezident Tramp Ağ Ev Türkiyənin öz sərhədlərində bufer zonası yaradacağını və ABŞ əsgərlərini həmin ərazidən çıxaracağını elan etdikdən sonra sərt tənqidlərlə üzləşib.
Çərşənbə günü Demokratların üstünlük təşkil etdikləri Nümayəndələr Palatası Tramp administrasiyasını qoşunları Suriyadan çıxardığına görə qınayan qətnamə qəbul edib.
Qətnamə Ağ Evi "İŞİD-in davamlı şəkildə məğlub edilməsinə dair aydın və spesifik plan" təqdim etməyə çağırır.
Qətnaməyə çox sayda Trampın Respublikaçı partiyadaşları səs verib.
ABŞ prezidenti çərşənbə günü verdiyi açıqlamalarda Suriyadan Amerika əsgərlərinin çıxarılması qərarını müdafiə edərək, bunun "strateji baxımdan olduqca gözəl" bir qərar olduğunu deyib. O, Pens və Ərdoğanın görüşünün uğurlu olacağına inandığını deyib, lakin sanksiyalar və tariflərin “Türkiyə iqtisadiyyatı üçün dağıdıcı olacağı” ilə bağlı xəbərdarlıq edib.
ABŞ-ın Vitse-prezidenti Mayk Pens Ankaraya Dövlət katibi Mayk Pompeonun da daxil olduğu nümayəndə heyəti ilə səfər edib.