Rusiyanın müdafiə naziri Sergey Şoyqu cümə günü deyib ki, Rusiya Ukraynada döyüşmək üçün 300 000 min ehtiyatda olan əsgəri artıq tamamilə səfərbər edib və onlardan 82 mini cəbhəyə göndərilib, 218 mini isə “döyüş təlimləri” keçir.
Televiziyada yayımlanan Kremldə keçirilən görüşdə edilən açıqlamada Rusiyada İkinci Dünya Müharibəsindən sonra ilk dəfə həyata keçirilən bölücü səfərbərlik hərəkatının guya başa çatdığı elan olunub. Səfərbərlik minlərlə kişi Rusiyadan qaçmasına, ölkədə müharibə əleyhinə etirazların keçirilməsinə səbəb olub.
Bu arada isə Pentaqon cümə günü Ukraynanı əlavə 275 milyon dollarlıq hərbi yardımla təmin edəcəyini bildirib. Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq deyib ki, yardım paketinə HİMARS sursatları, yüzlərlə 155 mm-lik dəqiq idarə olunan artilleriya mərmisi, uzaqdan idarə olunan zirehli mina əleyhinə sistemlər, zirehli maşınlar və kiçik silahlar daxildir.
Ukraynakı topçular Mikolaivdən Xersona qədər uzanan ərazilərdəki döyüş meydanında sursat çatışmazlığı ilə üzləşirlər. “Bizim göndərdiyimiz hər bir mərmi ilə müqayisədə onlar [ruslar] beşini geri göndərirlər”, - ukraynalı atıcı Hennadi Reuters müxbirinə deyib.
Ukrayna silahlı qüvvələrinin baş qərargahının cümə günü verdiyi məlumata görə, Rusiya qüvvələri Xarkiv, Donetsk, Xerson və Mikolaiv bölgələrində 30 yaşayış məntəqəsini atəşə tutublar. Ancaq Luhanskın qubernatoru cümə günü deyib ki, Ukrayna qoşunları böyük ölçüdə ölkənin şərqində Rusiyanın işğal etdiyi iki rayonu birləşdirən əsas yola nəzarət edir.
Ukrayna qoşunları yavaş-yavaş Luhansk bölgəsinə doğru irəliləyərək, Rusiyanın işğal etdyi Svatove və Kreminna şəhərinlərini ələ keçirməyə çalışır. Bu şəhərlər eyni adlı rayonların əsas şəhərləridir.
“Svatovedən Kreminnaya aparan yol faktiki olaraq Ukrayna silahlı qüvvələrinin nəzarəti altındadır. Bizim əsgərlərimiz hər gün irəliləyir,” Luhansk bölgəsinin qubernatoru Serhiy Qaidai milli televiziyada çıxışında söyləyib.
Bundan əlavə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba cümə günü iranlı həmkarı Hüsseyin Əmir Abdullahian ilə telefon danışığı zamanı Tehranın Rusiyaya kamikadze dron göndərməyi dayandırmasını tələb edib. Rusiya həmin dronlardan Ukrayna infrastrukturunu hədəf almaq üçün istifadə edir. İran bu ittihamı rədd edir.