Accessibility links

Təbrizdə milli fəal Ruzbeh Piri sərbəst buraxılıb


2019-cu ilin noyabr ayında İranda baş verən kütləvi etirazlar zamanı İran Azərbaycanının Təbriz şəhərində nəzarət altına alınan milli fəal Ruzbeh Piri iyulun dünən 5-də Təbriz həbsxanasından sərbəst buraxılıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin bildirdiyinə görə, Ruzbeh Piri iyulun 5-də daha öncə həbsdə qaldığı günləri nəzərdə alınaraq cəzası bitib və Təbrizin mərkəzi həbsxanasından azadlığa buraxılıb. O, həbsdən çıxdığı zaman sosial mediada paylaşılan bir videosunda "Azərbaycan övladlarını həbs etməklə Azərbaycan haqlarını ört-basdır etmək olmaz"- deyə, söyləyib.

O, iyunun 25-də cəzasını çəkmək üçün Təbrizin mərkəzi həbsxanasına köçürülmüşdü.

Təbrizdə yaşayan milli fəal Ruzbeh Piri qardaşı Yaşar Piri ilə eyni zamanda, 2019-cu ilin noyabr ayında onlarla digər fəalla birlikdə saxlanılıb və İslam İnqilabı Qvardiyasının təhlükəsizlik qurumunun məxsus həbsxanasında 26 gün soğru-sual olduqdan sonra Təbrizin mərkəzi həbsxanasına köçürülmüşdü. O, nəhayət 2020-ci ilin fevral ayının 5-də mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Piri əvvəlcə Təbriz İnqilab Məhkəməsinin İkinci şöbəsi tərəfindən "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamı ilə 10 ay həbs cəzasına məhkum olmuşdu. Piri və onun vəkilləri Sina Yusifi ilə Saleh Heydərinin verilən hökmə etirazlarından sonra, Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin birinci şöbəsində həmin hökmü 91 gün həbsə endirildi.

Ruzbeh və qardaşı Yaşar Piriyə qarşı Təbrizin İnqilab Prokurorluğunun 16-cı şöbəsinin iddianaməsində türk fəala irəli sürülən ittihamlar, "Ölkənin daxili təhlükəsizliyinə qarşı cinayətlər törətmək üçün toplanmaq”, “ölkənin təhlükəsizliyini pozan qruplarda üzv olmaq”, “sistemə qarşı təbliğat aparmaq”, “qeyri-adi hərəkətlər edərək ictimai intizamı pozmaq” və “Noyabr mitinqlərində iştirak etməklə dövlət məmuruna müqavimət göstərmək"-dən ibarət idi.

Keçən ilin noyabr ayında İranda təşkil olunan etirazlar zamanı İran Azərbaycanının müxtəlif şəhərlərində təhlükəsizlik və habelə İslam İnqilabı Qvardiyası tərəfindən nəzarət altına alınan milli fəallar bir müddət sorğu-sual edildikdən sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdılar. İnsan hüquq müdafiəçilərin bildirdiyinə görə, bu fəalların bir çoxu heç bir mitinqdədə iştirak etmədən öz evləri və ya iş yerlərində tutulmuşdular.

2019-cu ilin noyabr ayında İranda benzinin bahalaşması nəticəsində baş verən etirazlar zamanı ölkənin müxtəlif bölgələrində yüzlərcə etirazçı öldürülüb, minlərcə vətəndaş nəzarət altına alınmışdı.

XS
SM
MD
LG