Accessibility links

Pitsburqda sinaqoqa silahlı hücum -11 nəfər ölüb

Pitsburq şəhərində bir kişi “bütün yəhudilər ölməlidir” sözlərini qışqıraraq, şənbə günü ibadət mərasiminin keçirildiyi sinaqoqa daxil olaraq insanlara atəş açıb.

Rəsmilərin verdiyi məlumata görə, hadisə nəticəsində 11 nəfər həyatını itirib, hücumçuya müqavimət göstərən polis zabiti də daxil olmaqla, 6 nəfər hadisə nəticəsində yaralanıb. Yaralananların dördünün polis əməkdaşı olduğu bildirilir. Yaralananlar arasında olan iki mülki vətəndaşın vəziyyəti ağırdır.

Hücumu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Həmin şəxs 48 yaşlı Robert Bouersdir. Rəsmilər onun yaralandığını və müalicə üçün xəstəxanaya aparıldığını bildiriblər.

Pitsburq şəhərinin sakinləri yəhudi sinaqoqunda atışma qurbanlarının xatirəsini anmaq üçün şəhərin mərkəzində mərasimə toplaşıb, 27 oktyabr, 2018.
Pitsburq şəhərinin sakinləri yəhudi sinaqoqunda atışma qurbanlarının xatirəsini anmaq üçün şəhərin mərkəzində mərasimə toplaşıb, 27 oktyabr, 2018.

Hücumçunun təxminən 80 nəfərin şənbə günü həftəlik ibadət mərasiminə toplaşdığı sinaqoqa odlu silah və üç tapança ilə daxil olduğunu bildirilir.

Hadisə ilə bağlı təhqiqata rəhbərlik edən Federal Təhqiqat Bürosu atışmanı nifrət zəminində hücum kimi təhqiq edir.

Sosial mediada Bouersə aid olduğu deyilən şərhlərdə onun yəhudilərə qarşı nifrətini ifadə etdiyi bildirilir.

Polis Pitsburq şəhərindəki yəhudi sinaqoquna hücumdan sonra ərazini mühafizə edir, 27 oktyabr, 2018.
Polis Pitsburq şəhərindəki yəhudi sinaqoquna hücumdan sonra ərazini mühafizə edir, 27 oktyabr, 2018.

Anti-Defamasiya Liqasına əsasən, “bu, Amerika Birləşmiş Ştatları tarixində yəhudi icmasına qarşı ən ölümcül hücumdur”.

“Bu çirkin, nifrətlə dolu ansi-semitizm zəhəri qınanmalıdır”, ABŞ prezidenti Donald Tramp bəyan edib.

Tramp Pitsburqda hücumu “yəhudi amerikalıların dəhşətli qətli” adlandırıb. “Bu dəhşətli anti-semit hücum bizim hamımıza hücumdur. Bu, insanlığa hücumdur,”-deyə Tramp bildirib.

ABŞ prezidenti deyib ki, “anti-semitizm bəlasının davam etməsinə imkan vermək olmaz”. O daha sonra əlavə edib: “Biz anti-semitizmi məğlub etmək üçün yəhudi qardaş və bacılarımızla bir dayanmalıyıq.”

İsraildə, Tel Əviv şəhərinin bələdiyyə binası ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərindəki yəhudi sinaqoquna hücumun qurbanları ilə həmrəylik əlaməti olaraq Amerika bayrağının rəngləri ilə işıqlandırılıb, 27 oktyabr, 2018.

“Pitsburq sinaqoqunda bu gün ölümcül hücum məni kədərləndirdi və sarsıtdı”-deyə, orta məktəbi Pensilvaniya ştatında bitirmiş İsrailin baş naziri Benyamin Netanyahu şənbə günü açıqladığı bəyanatında bildirib.

XS
SM
MD
LG