Accessibility links

PKK ilə toqquşma zamanı dörd Türkiyə əsgəri həlak olub


Türkiyə Müdafiə Nazirliyi və ordusunun bildirdiyinə görə, cümə günü ölkənin İraqla sərhədi yaxınlığında ordu ilə qadağan edilmiş Kürdüstan Fəhlə Partiyası (PKK) arasında toqquşma nəticəsində dörd Türkiyə əsgəri həlak olub və 20 silahlı hücumçu öldürülüb.

Türkiyənin cənub-şərqindəki Hakkari vilayətinin Çukurca əyalətindəki hərbi bazaya gecə yarısı hücum olub və nəticədə ordu hava əməliyyatı ilə cavab tədbiri görüb. Bu məlumatı şənbə günü xəbər agentlikləri və nazirlik paylaşıb.

Türkiyə ordusu bildirib ki, nəticədə “azı 20 terrorçu məhv edilib”. Dövlətə məxsus Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, nazirlik şənbə günü ölən dörd əsgər üçün dəfn mərasimi keçirib. Mərasimdə müdafiə naziri Hulusi Akarın da iştirak edəcəyi gözlənilirdi.

Nazirlik qarşıdurma zamanı daha altı əsgərin yaralandığını bildirib.

“Terrorçular hava əməliyyatı vasitəsilə intensiv atəşə tutulub”, o deyib.

1984-cü ildən bəri Türkiyənin əsasən kürdlərin yaşadığı cənub-şərq bölgəsində muxtariyyət uğrunda mübarizə aparan PKK Türkiyə, Birləşmiş Ştatlar və Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınır.

“Türkiyə terrorçular və onların tərəfdarlarına qarşı heç bir güzəştə getmədən döyüşməyə davam etmək qətiyyətindədir”, Anadolu xəbər agentliyi Türkiyə parlamentinin spikerinə istinadən bildirib.

XS
SM
MD
LG