Accessibility links

Polşa Belarusla sərhədi bağlayıb, Minsk isə “təxribatlara” qarşı xəbərdarlıq edib


Polşa miqrasiya böhranı fonunda Belarusla şərq sərhədi ərazisindəki keçid məntəqlərini bağlayıb. Minsk isə Varşavadan gələcə biləcək "mümkün təxribatlara”-la əlaqədar xəbərdarlıq edib.

Belarus tərəfindəki miqrantların tikanlı məftilləri yararaq Aİ-nin üzvü olan Polşaya daxil olmağa cəhd etməsindən sonra noyabrın 9-da Bruji-Kuznitsa sərhəd-keçid məntəqəsi bağlanıb.

Polşa hökuməti noyabrın 8-də Twitter-də insanların tikanlı məftilləri kəsərək sərhədi keçməyə cəhd etməsini göstərən videolar yayımlayıb. Daxili İşlər Nazirliyi bu cəhdin qarşısını aldığını bildirib.

Polşanın baş naziri Mateusz Moraviecki noyabrın 9-da Twitter-də yazıb ki, “bütün Aİ-nin sabitliyi və təhlükəsizliyi təhlükə altındadır”
və sərhəddəki miqrant böhranını Belarusun lideri Alyaksandr Lukaşenko hökumətinin təşkil etdiyi "hibrid hücum"-dur.

Belarus Müdafiə Nazirliyi isə bu iddaları “əsassız” adlandırıb. Eyni zamanda Xarici İşlər Nazirliyi Varşavaya "aralarında çoxlu uşaq və qadınların da olduğu köməksiz və silahsız insanlara qarşı qeyri-qanuni güc tətbiqinə haqq qazandırmaq üçün Belarus Respublikasına qarşı yönəlmiş hər hansı təxribatlarla bağlı" xəbərdarlıq edən bəyanat yayıb.

Noyabrın 9-da Polşa hakimiyyəti minlərlə miqrantın gecə ərzində sərhədin Belarus tərəfində düşərgə saldığını bildirib.

Polşa hökumətinin sözçüsü Piotr Muller noyabrın 8-də jurnalistlərə bildirib ki, Belarusun Polşa ilə sərhədi yaxınlığında təxminən 3-4 min miqrant var.

“Biz gözləyirik ki, yaxın gələcəkdə Polşa sərhədində bu cür hərəkətlər arta bilər və bu, silahlı xarakter daşıyacaq" - deyə, o əlavə edib.

Muller, həmçinin sərhəd səddini aşmaq cəhdinin təşkilində "Belarus xüsusi xidmət orqanları ilə əlaqəsi olan şəxslərin" əlinin olduğunu bildirib.

Sərhəddə insanların toplanması aylardır davam edən böhranı dərinləşdirir. Aİ Belaruslu lideri Aleksandr Lukaşenkonu Yaxın Şərq və Afrikadan Minskə miqrantları təyyarə vasitəsi ilə gətirib, tətbiq edilən sankisyalara cavab olaraq Litva, Latviya və Polşa ilə sərhədlərinə göndərməkdə ittiham edir.

Avropa Komissiyasının sədri Ursula Von der Leyen noyabrın 8-də Polşa, Litva və Latviyanın baş nazirləri ilə danışıb və daha sonra Avropa İttifaqına üzv dövlətləri “nəhayət, bu hibrid hücuma görə məsuliyyət daşıyan Belarus hakimiyyətinə qarşı uzadılmış sanksiyalar rejimini təsdiqləməyə” çağırıb.

O bildirib ki, qurum sanksiyaların necə tətbiq edəcəyini araşdırmaqla yanaşı, "insan alverində fəal olan üçüncü ölkə aviaşirkətlərini qara siyahıya salınmasını nəzərdən keçirəcək".

Almaniyanın müvəqqəti daxili işlər naziri Horst Sihofer nə Polşanın, nə də Almaniyanın təkbaşına böhranın öhdəsindən gələ bilməyəcəyini söyləyərək Avropa İttifaqını ​hərəkətə keçməyə çağırıb.

Polşa artıq sərhəddə fövqəladə vəziyyət rejimi tətbiq edərək, əsgər və mühafizəçilərin sayını artırıb. Ölkə qanunvericiləri şərq sərhədində 407 milyon dollar dəyərində divar tikintisini təsdiqləyib.

XS
SM
MD
LG