Accessibility links

Pol Qobl: Avropanın vasitəçiliyi ilə üçtərəfli danışıqlar irəliyə doğru atılmış böyük bir addımdır


Pol Qobl: Avropanın vasitəçiliyi ilə üçtərəfli danışıqlar irəliyə doğru atılmış böyük bir addımdır
please wait

No media source currently available

0:00 0:10:26 0:00

ABŞ administrasiyasının keçmiş Sovet İttifaqı üzrə müşaviri olmuş tanınmış politoloq Pol Qobl Amerikanın Səsinə müsahibədə Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən danışıqlar, Cənubi Qafqazda sabitlik səyləri və ABŞ-ın Azərbaycan və Ermənistan arasında sülh prosesində rolunu şərh edib.

Amerikanın Səsi: Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən üçtərəfli görüşdə mühüm danışıqlar aparılıb. Dörd saatdan çox davam edən danışıqlardan sonra Şarl Mişel bildirib ki, iki lider keçən il 44 günlük müharibədən sonra gərginliyin aradan qaldırılması və diplomatiyanın inkişaf etdirilməsi yollarını müzakirə edib. Bu danışıqların əhəmiyyəti barədə nə söyləyə bilərsiniz?

Pol Qobl: Düşünürəm ki, onlar üç cəhətdən əhəmiyyətlidir, ən azı üç cəhətdən. Birincisi, onların ümumiyyətlə baş tutması faktıdır. Moskva bu danışıqları müstəsna olaraq öz nəzarəti altına almaq üçün çox çalışıb. Həm Ermənistan, həm də Azərbaycanın liderlərinin Avropa liderlərinin ev sahibliyi etdiyi danışıqlarda iştirak etməsi onların bütün səyləri və resursları bir istiqamətə yönəltmək və Moskvanın Vladimir Putinin tanındığı kimi belə bir diqtə verə bilməsini istəmədiyinin göstəricisidir.

İkincisi, hesab edirəm ki, avropalıların Minsk Qrupunun yanaşmasını dəstəkləməsi faktının özü danışıqlardan sonra verilən açıqlamalara əsasən, müəyyən hərəkətə yol açıb. Prezident Əliyev bildirib ki, indi tərəflər Azərbaycanla Naxçıvan arasında quru dəhlizinin yaradılması prosesinə başlamağa hazırdır. Ermənistan prezidenti isə qeyd edib ki, onun hökuməti və Türkiyə hökuməti iki ölkə arasında çarter reyslərini bərpa etmək və münasibətlərin normallaşdırılması üzrə danışıqlara başlamaq barədə razılığa gəliblər. Bu son dərəcə mühüm bir addımdır.

Üçüncüsü isə bu, 2020-ci ilin noyabrında, daha sonra isə 2021-ci ilin yanvarında əldə edilən və bir çox insanın hələ də sülh razılaşmaları və ya sülh müqaviləsi adlandırdığı bəyannamələrin tərəflər arasında yeni bir xətt yaratdığı və bütün böyük sualların açıq qaldığı atəşkəsdən başqa bir şey olmadığına dair bir xatırlatmadır. Nəticədə biz hazırda elə bir vəziyyətdəyik ki, hamının diqqəti razılaşmaya yönəlib. Mövcud olan bütün problemləri və razılaşmanı istəməyən bütün oyunçuları nəzərə alsaq, onların buna nail olub-olmayacağı həqiqətən də məlum deyil. Lakin bu, irəliyə doğru atılmış böyük addım idi və mən avropalıların bu rolu oynaması və həm Bakı, həm də Yerevanın bu münaqişənin həlli üçün başqa yerə deyil, Avropaya üz tutmasına ancaq sevinə bilərəm.

Amerikanın Səsi:Prezident Əliyev və baş nazir Paşinyan arasında bu, beşinci görüş noyabrın 16-da Soçidə Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə üçtərəfli danışıqların ardınca keçirilib. Həmin görüşün detalları barədə çox az məlumat oldu, müşahidəçilər isə burada mümkün ciddi irəliləyişin olmadığını bildirdilər. Prezident Putinin planı nədir? Moskva regionda nəyə nail olmaq istəyir?

Pol Qobl: Mən hesab edirəm ki, burada əsas odur ki, Moskva bu münaqişənin dondurulmuş vəziyyətdə qalmasını istəyir. Hər hansı bir nizamlanma, Ermənistan və Azərbaycanın bir-biri ilə sülh şəraitində yaşamasına imkan verən istənilən nizamlanma Moskvanın hər iki tərəfə təsir imkanlarını kəskin şəkildə azalda bilər. Ona görə də mən hesab edirəm ki, cənab Putin münaqişənin həllindən çox onun davam etməsində maraqlıdır. Avropalılar bunun həll olunmasını istəyirlər. Düşünürəm ki, həm Azərbaycan, həm də Ermənistan nizamlanmanı istəyir. Nizamlanmanı istəməyən əsas oyunçu Rusiya Federasiyasıdır, çünki münaqişə olmasaydı, Moskva tez-tez istifadə etdiyi və cənab Putinin məşhur olduğu “parçala və hökm sür” siyasətini yeridə bilməzdi.

Amerikanın Səsi: Bəzi müşahidəçilər Moskvanın hazırda yeni status-kvodan razı qaldığını irəli sürür. Sizin bu barədə fikriniz nədir?

Pol Qobl: Mənim fikrimcə, Moskva yeni status kvonun mövcud olduğu, yəni 44 günlük müharibənin sonunda qüvvələr arasında xətt dondurulduğu və iki tərəfin Rusiya sülhməramlıları adlandırılan qüvvələrlə bir yerdə mövcud olub, yenidən açılan bəzi nəqliyyat dəhlizlərinin mühafizəsində rol oynadığı bir vəziyyətlə çox razı qalardı. Əgər bu belədirsə, əgər yeni status-kvo dedikdə bunu nəzərdə tuturuqsa, məncə, Rusiya bununla yaşamağa tam hazırdır, çünki bu, heç nəyi həll etmir. Bu, Azərbaycanla Naxçıvan arasında keçid məsələsini həll etmir. Bu, Qarabağdakı erməni icmasının statusu məsələsini həll etmir. Bu o demək deyil ki, bu hər iki ölkə öz əraziləri üzərində tam suverenliyə malikdirlər, çünki əslində orada Rusiya hərbi qüvvələri var və beynəlxalq hüquqa əsasən bu münaqişənin tərəfi olan Rusiya, onun Ermənistanda hərbi bazası var, sülhməramlı qüvvələr göndərə bilməz, onlar başqa yerdən gəlməlidir. Beləliklə, Rusiya yəqin ki, hər şey olduğu kimi qalarsa, çox razı olardı. İndi Avropada baş verənlər onu deməyə əsas verir ki, həm Bakı, həm də Yerevan bu nöqtədə qalmaq istəmir. Prezident Əliyev bildirib ki, əgər Ermənistan razılaşmayıb ermənilərin Sünik, azərbaycanlıların Zəngəzur adlandırdıqları ərazidən quru dəhlizin yenidən açılmasına imkan verməsə, Bakı buna nail olmaq üçün güc tətbiq etməyə hazırdır. Hər şey indi olduğu kimi yerində qalsa, Moskva bundan razı qalacaq. Amma aydındır ki, nə ermənilər, nə də azərbaycanlılar razı qalmayacaq. Onlar daha geniş nizamlanmaya çalışır. Ermənistanın indi Türkiyə ilə diplomatik münasibətlərin bərpasına ümid etməsi bütün bunların, həllə nail olunmasını daha da asanlaşdırır. Ona görə də mən hesab edirəm ki, ruslar hər şeyi olduğu yerdə saxlamaq istərdilər. Amma düşünürəm ki, bu baş verməyəcək, çünki bu 30 illik münaqişənin real həllini görmək istəyən başqa oyunçular var.

Amerikanın Səsi: Rusiya ilə Qərb arasında münasibətlərdə hazırkı gərginlik nəzərə alınsa, Kremlin maraqları və regionda aparıcı rolu üçtərəfli sazişlərin tam həyata keçirilməsi perspektivlərini necə çətinləşdirə bilər?

Pol Qobl: Birincisi, bunlar üçtərəfli sazişlər deyil. Bunlar bəyannamələr idi. Bunlar sazişlər deyildi. Bunlar onun niyyətlərinin ifadəsi idi. Nə Ermənistanın, nə də Azərbaycanın onlardan razı qalmamasının səbəblərindən biri də hər cür sualların açıq qalmasıdır. Məsələn, onlardan birini götürək. Bəli, bu razılaşmalar Zəngəzur və ya Sünik, həm şimal, həm cənub, həm də şərq və qərbdən keçən quru nəqliyyat dəhlizlərinin yenidən açılmasını nəzərdə tutur. Lakin burada tərəflərə bunu nə zaman etməyə imkan verilməsi üçün vaxtın müyyənləşdirilməsi nəzərdə tutulmur. Bu isə istənilən real razılaşmada aradan qaldırılmalı olan qeyri-tarazlıq yaradır. Bu vəziyyətdə Moskvanın zorakılığa yenidən başlamaq üçün onun nəzarəti altında olan qruplar tərəfindən təxribat xarakterli addımlar da daxil olmaqla, hər cür vasitəsi var ki, bu da hər iki tərəfin irəliləyişini çətinləşdirir. Mən bunların bəzisini görəcəyimi gözləyirəm, çünki mən Rusiyanın status-kvonu dəyişə biləyəcək bir razılaşmanın istəmədiyini düşünürəm, ona görə ki, əgər status-kvo Bakı ilə Yerevan arasında daha geniş razılaşma istiqamətində dəyişərsə, Moskvanın Cənubi Qafqazda təsiri sürətlə azalacaq.

Amerikanın Səsi: İki regional güc olan Rusiya və Türkiyə Cənubi Qafqazda nüfuzunu artırmaq üçün yarışır. Bəzi təhlilçilər hazırda Avropa İttifaqının da regionda öz təsirini artırmaq və Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmağa təşviq etmək səylərini gücləndirməyə çalışdığını qeyd edir. Hazırda regionda mövcud dinamikanı necə qiymətləndirirsiniz?

Pol Qobl: Aydındır ki, Türkiyənin rolu çox genişlənib. Belə görünür ki, avropalılar son vaxtlara qədər kənarda qalmışdılar və Rusiya bu vəziyyətdən istifadə edərək öz istədiyinə nail oldu, bu da Moskvanın regionda sülhməramlı adlandırdığı Rusiya hərbi qüvvələridir. İranın da, təbii ki, marağı var. Xüsusilə də Atlantikanın bu tərəfində çox vaxt diqqətdən kənarda qalmalarına baxmayaraq, iranlıların rolunu unutmayaq.

Düşünürəm ki, coğrafiyası və mədəniyyətilə əlaqədar həmişə qarşıdurmaların meydanı olan Qafqazda yenidən bir hərəkətin şahidi oluruq. Sovet dövründə 1920-ci illərin əvvəlləri, daha sonra isə İkinci Dünya Müharibəsi zamanı və ondan dərhal sonra olduğu kimi bir neçə istisna olmaqla, hər şey faktiki olaraq dondurulmuş vəziyyətdə idi. Hesab edirəm ki, biz indi münasibətlərdə yeni canlanma görürük, ona görə də mən geosiyasi rəqabətin artacağını gözləyərdim. Əgər bu geosiyasi rəqabət zorakılıqla bağlı deyilsə, mən hesab edirəm ki, avropalılar insanların düşündüyündən daha böyük rol oynayacaqlar. Onlar faktiki olaraq həm Azərbaycanın, həm də Ermənistanın ehtiyac duyduğu, təhlükəsizlik zonasından kənarda olduğu anlaşılan müxtəlif növ yardımları göstərə bilmək iqtidarındadır. Moskva bunu edə bilmir.

Amerikanın Səsi: Sizin də qeyd etdiyiniz kimi Türkiyə və Ermənistan münasibətləri normallaşdırmaq səyləri çərçivəsində bu həftə xüsusi nümayəndələr təyin edəcəklərini açıqlayıb. Hər iki ölkə münasibətlərin normallaşdırılması prosesinə başlamağa hazır olduğunu bildirib. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması perspektivləri barədə nə söyləyə bilərsiniz və bunun prosesin regiona hansı təsirləri ola bilər?

Pol Qobl: Düşünürəm ki, Türkiyə ilə Ermənistan münasibətləri normallaşdırac. Bu, yəqin ki, nə vaxtsa 2022-ci ildə baş verəcək. Bu tamamilə asan olmayacaq. Hər iki tərəfdə çox pis hisslər var. Bununla belə, münasibətlərin normallaşması Türkiyənin xeyrinədir, çünki bu baş verərsə, Qafqazda sülhün nizamlanması və Zəngəzur dəhlizinin yenidən açılması daha asan olacaq ki, bu da çox böyük əhəmiyyət kəsb edir. Ermənistanla Azərbaycan arasında gərginlik azalacaq. Ermənistan həqiqətən də çıxış yolu olduğunu, tələyə düşmədiyini, bir çox erməninin təsəvvür etdiyi kimi türklərin əhatəsində olmaq təhlükəsi olmadığını hiss edəcək. Bunun nəticəsində ermənilər əks halda getməyəcəkləri bəzi risklərə gedə biləcəklər. Mən həqiqətən də belə düşünürəm, baxmayaraq ki, danışıqlar asan olmayacaq və aydındır ki, bir ölkə ilə münasibətlər pozulandan sonra münasibətlərin yenidən pozulması mümkündür. Mən indi çox nikbinəm, çünki Türkiyə və Ermənistanın diplomatik təmasları bərpa etməsi, sərhədləri açması, ticarətə icazə verməsi Türkiyə və eləcə də Bakının maraqlarına uyğundur, çünki bu baş verərsə, bu, Türkiyənin regionda təsirinin daha da genişlənməsi və Ermənistanın təhlükəsizliyinin artmasına gətirib çıxaracaq.

Amerikanın Səsi: Birləşmiş Ştatların rolu barədə fikirlərinizi bilmək istərdim, ABŞ-ın Azərbaycanla Ermənistan və eləcə də Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması prosesində rolu nədən ibarətdir?

Pol Qobl: Mən çox ümid edirəm ki, Birləşmiş Ştatlar fəal iştirak edəcək. ABŞ-ın bu məsələni avropalıların ixtiyarına vermək istədiyini söyləyən bəzi insanlar var, necə ki, əvvəllər bəziləri Qərbin problemi Rusiyaya həvalə etdiyini deyənlər var idi. Düşünürəm ki, avropalıların bu qədər uğurlu olması avropalıların liderlik rolunu öz üzərinə götürməsinə gətirib çıxaracaq və ABŞ bunu mütləq dəstəkləyəcək və burada iştirak edəcək. Mən çox ümid edirəm ki, ABŞ nəhəng gücünə görə buna Rusiya tərəfindən Avropa İttifaqının səylərini dayandıra biləcək reaksiyaya səbəb olmayan yanaşma nümayiş etdirəcək. Ruslar Qafqazda Avropanın təsirinin genişlənməsini qəbul etməyə daha çox razıdırlar, nəinki Amerikanın təsirinin. Beləliklə, müəyyən mənada Amerikanın Cənubi Qafqazda rolunun və ya Amerikanın nüfuzunun azaldılması əslində ABŞ-ın həqiqətən görmək istədiyi şeylərin baş verməsinə imkan yarada bilər.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Böyük Britaniya Kyivdəki səfirlik işçilərini geri çağırıb
please wait

No media source currently available

0:00 0:13:02 0:00
XS
SM
MD
LG