Accessibility links

Pol Qoble: “Rusiya vasitəçilik etdiyi münaqişənin həllini istəyir”


Pol Qoble: “Rusiya vasitəçilik etdiyi münaqişənin həllini istəyir”
Pol Qoble: “Rusiya vasitəçilik etdiyi münaqişənin həllini istəyir”

Rusiyanın nəyin bahasına olursa olsun müsəlman azərilərə qarşı xristian erməniləri himayə edəcəyi ideyası düzgün deyil. Onun öz maraqları var.

Astana görüşündə gözlənildiyi kimi Azərbaycan və Ermənistan prezidentləri arasında görüş baş tutmasa da tərəflər Dağlıq Qarabağ məsələsinin həlli yolunda səyləri davam etdirmək barədə öhdəlik sənədi imzalayıblar. Həmin sənədə tərəflər arasında vasitəçilik edən Minsk Qrupuna üzv ölkələrin nümayəndələri də qol çəkib. Şərqi Avropada milliyyətlər və etnik problemlər üzrə ekspert, Dövlət Departamentinin keçmis sovet respublikaları üzrə mütəxəssisi Pol Qobl Rusiyanın məsələnin həlli ilə əlaqədar Ermənistana göstərdiyi təsirin vaxtdan-vaxta dəyişə bildiyini deyir: “Mənim təxminimə görə keçmişdə danışıqlar prosesində bəzi vaxtlarda Rusiya, Ermənistana daha əlverişli razılaşma əldə etmək üçün mövqeyində möhkəm dayanmağını tapşırıb, başqa vəsilələrlə isə Moskva razılığa gəlməsi üçün bu ölkəyə təzyiq göstərib.

Rusiyanın hər bir ölkə kimi ilk növbədə öz milli maraqlarına üstünlük verdiyini xatırladan politoloq qeyd edir ki, Rusiyanın heç bir surətdə Ermənistandan üz döndərməyəcəyini fikirləşmək səhvdir: “ Tez-tez yol verilən səhv kimi Rusiyanın heç vaxt Ermənistandan üz döndərməyəcəyi fərz edilsə də bu baş verəcək. Azərbaycanlı bir yazıçının bir neçə il bundan əvvəl bildirdiyi kimi Cənubi Qafqazda Gürcüstan darvaza, Ermənistan vasitə, Azərbaycan isə mükafatdır. Moskva siyasətində əsaslı dəyişikliklər vasitəsilə onu Bakıdakı ən mühüm xarici qüvvəyə çevirəcək formula tapsa Emənistandan bir dəqiqədə üz çevirər”

O əlavə edir ki, bu Rusiyanın əbədi müttəfiqi sayılan Serbiya üçün də bu doğrudur : “Bəzən ermənilərin etdikləri kimi, rusların heç bir seçimi olmadığını, həmişə müsəlman azərilərə qarşı xristian erməniləri himayə edəcəklərini fikirləşmək səhvdir. Məsələlər belə həll olunmur”

Alim Rusiya siyasətində Ermənistana münasibətin dəyişməsi kimi yozulan vəziyyəti belə şərh edir ki, indi Rusiyada müxtəlif qruplar arasında mübarizə gedir və Moskvanın hansı istiqamətə yönəldiyini bilmək olduqca çətindir : “Güman edirəm ki, Sarkisyan Lavrov, Putin və Medvedevə ayrı ayrı telefon etsə onların üçündən də bir qədər fərqli şeylər eşidəcək. Ona görə Ermənistana Rusiya tərəfdən, necə deyərlər, üzərində yekdilliklə razılıq əldə olunmuş bir mesajın göndərildiyini demək çətindir.”

Bununla yanaşı politoloq deyir ki, bir neçə amil ümumilikdə Rusiyanın, dəyişdirilmiş Madrid prinsiplərini qəbul etməsi üçün Ermənistana təzyiq göstərməsinə gətirib çıxara bilər. “Tərəflər arasında hər hansı bir formada razılıq əldə edilməsinə nail ola bilmədiyi təqdirdə Minsk qrupunun öz funksiyasını itirməsi və dağılması istisna olunmamalıdır . Bu halda Rusiya indiki rolunu itirə bilər və bunun Cənubi Qafqazda zorakılıqların yenidən başlamasına gətirib çıxartması ehtimalı olduqca güclüdür və Rusiya hadisələrin gedişatının bu mərhələyə gəlib çatmasını istəmir”.-deyə alim bildirib.

“ Mən Rusiyanın bunun baş verməsinə istəyəcəyinə inanmıram. Belə ki, Cənubi Qafqazda döyüşlərin yenidən başlaması Şimalı Qafqazda vəziyyətin daha da gərginləşməsinə, Rusiyanın İran və Birləşmiş Ştatlarla arasında əlaqələrin daha da mürəkkəbləşməsinə səbəb ola bilər.”

O deyir ki, Rusiyanın yenilənmiş Madrid Prinsipləri sahəsində tərəqqi əldə edilməsi vaxtının gəldiyini fikirləşməsi üçün səbəbləri var. İkinci məsələ isə Birləşmiş Ştatların mövqeyidir. ABŞ artıq regionda diplomatik nailiyyətin əldə edilməsinə ehtiyac olduğunu hiss edir. : “ İnsanların Birləşmiş Ştatlarda erməni lobbisinin rolu barədə dediklərinə baxmayaraq, məncə Birləşmiş Ştatlar hər şeydən əvvəl ərazi bütövlüyü məsələsində öhdəlik götürüb. Buna görə də Madrid Prinsipləri axırda Azərbaycanın 2015-ci ildə, 1991-ci ildəki eyni beynəlxalq sərhədlərə malik olmasını təmin edəcəyi təqdirdə ABŞ bu prinsiplərlə barışa bilər.

Üçüncü faktor isə Avropa Birliyidir ki, bu qurum Dağlıq Qarabağ məsələsində heç bir nailiyyət əldə edilməməsindən olduqca narazıdır. Avropa Birliyi xarici siyasət sahəsində o qədər də mühüm nailiyyətlər əldə etmədiyinə görə Cənubi Qafqazda bunu bacarmaq təşkilatın üzvlərini məmnun edəcək.

Pol Qobl qeyd edir ki, bütün deyilənlərə baxmayaraq, Bakıda və Yerevanda hamının başa düşdüyü kimi Ermənistan Dağlıq Qarabağ ətrafında işqal etdiyi Azərbaycan torpaqlarının böyük bir hissəsindən özü üçün ən əlverişli şərtlərlə geri çəkilmək məqsədilə sərt müzakirələr aparacaq və dünya ictimaiyyətindən əhəmiyyətli miqdarda maliyyə dəstəyi tələb edəcək.

XS
SM
MD
LG