Accessibility links

Polad Aslanov 14 gündür aclıq aksiyası edir


Xeberman.com saytının həbsdə olantəsisçisi və baş redaktoru Polad Aslanov 14 gündür 1 saylı cəzaçəkmə müəssisəsinin tibb məntəqəsində aclığı davam etdirir.

Gülmira Aslanova Amerikanın Səsinə bildirib ki, Polad Aslanov baş prokurorun onun işinə fevralın 3-də Ali Məhkəmədə obyektiv və ədalətli baxılacağı barədə vədinə baxmayaraq, aksiyanı dayandırmaqdan imtina edib.

“Poladdan heç olmasa vitamin kompleksi qəbul etməyi xahiş etdim, amma o, bundan da imtina etdi. O, yalnız su içir” - deyə, həyat yoldaşı bildirib.

Onun sözlərinə görə, Aslanovun hazırda saxlanma şəraiti və ona qarşı rəftarla bağlı şikayəti yoxdur. Həkimlər gündə iki dəfə onu müayinə edirlər.

Baş prokuror Gülmirə Aslanovanı yanvarın 17-də bu qurumun binası qarşısında aksiya keçirəndən sonra qəbul edib. Aslanova dünənki aksiyası zamanı baş prokurorla görüş və həyat yoldaşı ilə bağlı işin yenidən istintaqa qaytarılmasını tələb edib.

Gülmirə Aslanova Amerikanın Səsinə müsahibəsində bildirib ki, bu günki qəbul zamanı baş prokuror Kamran Əliyev onu sonadək dinləyib.

“Baş prokuror aclıq aksiyasının Poladın səhhətinə ziyan veridyini, bundan narahat olduğunu və aksiyanı dayandırmasını istədiyini bildirdi,” Aslanova qeyd edib.

Öz növbəsində, Baş Prokurorluğun mətbuat xidməti baş prokuror Kamran Əliyevin juranlistin həyat yoldaşı Gülmirə Aslanovanı qəbul etdiyini Amerikanın Səsinə təsdiq edib.

Yanvarın 12-də Azərbaycan Ombudsman Aparatının Milli Preveventiv Qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində xəbərdarlıq etmədən Polad Aslanova başçəkmə həyata keçirib.

Ombudsman Aparatının mətbuat xidmətinin məlumatına görə, Polad Aslanova qida qəbulundan imtina etməsi səbəbi ilə ayrıca palata ayrılıb və onun gündəlik həkim nəzarətində olduğu müşahidə edilib.

Yanvarın 6-dan Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində Polad Aslanov aclıq aksiyasına başlayıb.

Polad Aslanov həbsdən azad olunması və şikayətinə Ali Məhkəmədə baxılmasının sürətləndirilməsi tələbilə aclıq edir.

2019-cu il noyabrın 16-da Xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib.

Jurnalist ittihamı qəbul etmir və bunun jurnalist fəaliyyətinin məhdudlaşıdırılmasına yönəldiyini bildirir.

Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi kimi beynəlxalq hüquq- müdafiə təşkilatları Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla bağlı ədalətli məhkəmə təhqiqatını təmin etməyə çağırıb.

XS
SM
MD
LG