Accessibility links

Gülmirə Aslanova həbsxanada aclıq aksiyası edən Polad Aslanovla görüşüb


Polad Aslanov

Fevralın 5-də Gülmirə Aslanova Həbsxanada aclıq aksiyası keçirən həyat yoldaşı, Xeberman.com saytının təsisçisi və baş redaktoru Polad Aslanovla görüşüb.

Bu barədə o, Amerikanın Səsinə bildirib.

Gülmirə Aslanova qeyd edir ki, Polad Aslanov aclıq aksiyasını davam etdirsə də, səhhətində problemlər yaranıb.

“Böyrəklərində və mədəsində ağrılar var. Baxmayaraq ki, aclığ aksiyasına başlaması ilə bağlı rəsmi olaraq müraciət edib. Amma onun müraciəti qeydə alınmayıb.Və bildirdilər ki, birmənalı olaraq aclığ aksiyası ilə bağlı müraciəti protokola salınmayacaq” - deyə, Aslanova əlavə edib.

Gülmirə Aslanova deyir ki,həyat yoldaşı ya cinayətin möhtəbər faktlarla sübuta yetirilməsini ya da bərəat, azadlıq tələb edib.

Bundan əlavə Gülmirə Aslanova qeyd edib ki, Ombudsman Aparatından ona zəng edilib.

“Bildirdilər ki, Polad Aslanovun dünən məhkəmə prosesindən yarımçıq çıxarılması, 3 nəfər DTX əməkdaşlarının Polad Aslanovun razılığı olmadan məhkəmə zalında media adı altında iştirak etməsinə etirazı, medianın açıq prosesə buraxılmaması, 6 gündür aclığ aksiyasına başlaması ilə bağlı müraciətiniz dünən rəhbərliyə məruzə etmişik. Sizə cavab verəcəyik” - deyə, Aslanova qeyd edib.

Bu deyilənlərlə bağlı Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən, Ombudsman Aparatından hələlik rəsmi şərh almaq mümkün olmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Faiq Qəniyevin sədrliyi ilə 2020-ci il noyabrın 16-da Xeberman.com saytının təsisçisi və baş redaktoru Polad Aslanovun 16 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Polad Aslanov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

Polad Aslanova qarşı irəli sürülmüş ikinci ittihamda - Cinayət Məcəlləsinin 134-cü (öldürməklə hədələmə) maddəsində 2 min manata qədər cərimə, 2 ilədək islah işləri və bu müddətdə həbs nəzərdə tutulub. O, saytlardan birinin əməkdaşı Dəyanət Babayevi hədələməkdə təqsirləndirilir. Məhkəmə bu ittihamı jurnalistin üzərindən götürüb.

Polad Aslanov məhkəmədə ittihamları qəbul etmədiyini və həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib.

ABŞ Dövlət Departamentinin demokratiya, insan hüquqları və əmək məsələləri bürosunun noyabrın 2-də yaydığı bəyanatda Azərbaycan hakimiyyəti 2019-cu ilin iyunundan bu yana Dövlət Təhlükəsizliyi Xidmətindəki korrupsiyanı ifşa etdikdən sonra tutulan Polad Aslanov da daxil olmaqla, əsas azadlıqlardan istifadə etdiyinə görə həbs edilən bütün jurnalistlərin sərbəst buraxmasına çağırılır.

Şərhlərə bax

XS
SM
MD
LG