Accessibility links

Polad Aslanovun həyat yoldaşı Baş Prokurorluq qarşısında etiraz aksiyası keçirib


Hazırda həbsdə olan Xeberman.com saytının təsisçisi və baş redaktoru Polad Aslanovun həyat yoldaşı Gülmira Aslanova yanvarın 17-də Baş Prokurorluq binası qarşısında növbəti etiraz aksiyası keçirib.

Gülmirə Aslanova Azərbaycanın baş prokuroru Kamran Əliyevlə görüş tələb edib və işin yenidən baxılmasını istəyib.

Aslanova jurnalistlərə həyat yoldaşının 2,5 ildir qanunsuz olaraq həbsdə saxlanıldığını və onun cinayət təqibinə son qoyulmasını tələb etdiyini bildirib.

DİN-in Çevik Polis Alayının əməkdaşları onun Baş Prokurorluq binasına daxil olmasına imkan verməyiblər. Aslanovaya qəbul otağına getmək təklif olunub, amma o, imtina edib. Son nəticədə Aslanova Səbail rayon 9-cu polis bölməsinə aparılıb. Daha sonra isə sərbəst buraxılıb.

Gülmirə Aslanova
Gülmirə Aslanova

Məsələ ilə bağlı Amerikanın səsi Azərbaycan Repsublika Baş prokurorluğundan şərh ala bilməyib.

Aksiyadan əvvəl Gülmirə Aslanova deyib ki, bu gün Aslanov zəng edib və aclığı davam etdirdiyini deyib.

Onun sözlərinə görə, Polad Aslanovdan təhlil üçün qan götürülüb və elektrokardioqram çəkilib. Onun güclü nəfəs darlığı var və o, çox zəifdir.

Bu arada "Müdafiə Xətti" hüquq-müdafiə təşkilatı yaydığı bəyanatda Polad Aslanovun vəziyyətindən narahatlığını ifadə edib.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən şərh almaq mümkün olmayıb.

Yanvarın 12-də Azərbaycan Ombudsman Aparatının Milli Preveventiv Qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində xəbərdarlıq etmədən Polad Aslanova başçəkmə həyata keçirib.

Dövlətə xəyanətdə ittiham olunan Polad Aslanovun işi üzrə növbəti məhkəmə iclası
Dövlətə xəyanətdə ittiham olunan Polad Aslanovun işi üzrə növbəti məhkəmə iclası

Ombudsman Aparatının mətbuat xidmətinin məlumatına görə, Polad Aslanova qida qəbulundan imtina etməsi səbəbi ilə ayrıca palata ayrılıb və onun gündəlik həkim nəzarətində olduğu müşahidə edilib.

Yanvarın 6-dan Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində Polad Aslanov aclıq aksiyasına başlayıb.

Penitensiar Xidmət-dustaq daşınan avtomobil
Penitensiar Xidmət-dustaq daşınan avtomobil

Polad Aslanov həbsdən azad olunması və şikayətinə Ali Məhkəmədə baxılmasının sürətləndirilməsi tələbilə aclıq edir.

2019-cu il noyabrın 16-da Xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib.

Jurnalist ittihamı qəbul etmir və bunun jurnalist fəaliyyətinin məhdudlaşıdırılmasına yönəldiyini bildirir.

Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi kimi beynəlxalq hüquq- müdafiə təşkilatları Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla bağlı ədalətli məhkəmə təhqiqatını təmin etməyə çağırıb.

XS
SM
MD
LG