Accessibility links

Polşa və Baltikyanı ölkələr Vaqner qrupu ilə bağlı insident baş verərsə Belarusla sərhədləri bağlayacaq


Polşa daxili işlər naziri Mariuş Kaminski bazar ertəsi NATO-nun şərq cinahında gərginliyin artdığı bir vaxt bildirib ki, muzdlulardan ibarət "Vaqner" qrupu ilə bağlı "kritik insident" baş verərsə, Polşa və Baltikyanı ölkələr Belarusla sərhədlərini tamamilə bağlayacaq.

Belarusla ümumi sərhədi bölüşən Avropa İttifaqı və NATO ölkələri olan Latviya, Litva və Polşa Aleksandr Lukaşenkonun dəvəti ilə Vaqner qrupunun rusiyalı yüzlərlə muzdlusunun Belarusa gəlməsindən sonra sərhədlərinin təhlükəsizliyi ilə bağlı narahatlığını ifadə edib.

"Biz rejimdən (Aleksandr Lukaşenkodan) Vaqner qrupunu Belarusdan dərhal çıxarmağı xahiş etdik", Litva, Latviya və Estoniyadan olan həmkarları ilə görüşdən sonra Kaminski deyib.

Lukaşenko bu yaxınlarda ölkədə 10 minə yaxın Vaqner döyüşçüsü saxlamaq niyyətində olduğunu bəyan edib.

"Bəziləri Ukraynada döyüşmək vədi müqabilində Rusiya həbsxanalarından azad edilmiş cinayətkarlar olan minlərlə insan insanlığa qarşı cinayətlərdə ittiham olunur. Bu, hər şeyə qadir olan böyük bir qrupdur" - deyə, Kaminski bildirib.

Bundan əlavə, Belarus son aylar əsasən Yaxın Şərq və Afrikadan olmaqla, sayı getdikcə artan miqrantların Avropa İttifaqınin şərq dövlətlərinin sərhədlərini keçməsinə şərait yaratmaqda ittiham olunur.

"Biz Minsk hakimiyyətindən "Vaqner" qrupunun dərhal Belarus ərazisini tərk etməsini, qeyri-qanuni miqrantların isə dərhal sərhəd zonasını tərk edərək, evlərinə göndərilməsini tələb edirik" deyib Kaminski.

"Polşa və ya Litva sərhədində kritik bir hadisə baş verərsə, biz dərhal cavab tədbirləri görəcəyik. İndiyədək açıq olan bütün sərhəd-keçid məntəqələri bağlanacaq" deyə, o bildirib.

Litvanın daxili işlər naziri Aqne Bilotayte mediaya bildirib ki, sərhədin bağlanmasına səbəb ola biləcək iki meyar var.

"Birincisi, milli təhlükəsizliyə ciddi təhdid olsa, dövlətlərdən birinin sərhədində silahlı insident. Digər meyar isə dövlətlərdən birinin sərhədindən kütləvi miqrant axınıdır", Bilotayte deyib.

Polşa əsilli jurnalistin Belarusda həbs edilməsi və Polşa diplomatlarının ölkədən çıxarılmasından sonra Polşa bu il Belarusla bir sərhəd keçid məntəqəsindən başqa hamısını bağlayıb.

Forum

XS
SM
MD
LG