Accessibility links

Polşa prezidenti raketlərin Pşevoduv kəndinə düşməsini "qəza" adlandırıb


Polşa Prezidenti Anjey Duda
Polşa Prezidenti Anjey Duda

Associated Press xəbər agentliyinin bildirdiyinə görə, Polşa Prezidenti Anjey Duda raketlərin Pşevoduv kəndinə düşməsini "qəsdən" deyil, "qəza" adlandırıb.

Duda deyib ki, Polşanın Lyublyana Voyevodalığının Pşevoduv kəndində iki nəfərin ölümü ilə nəticələnən raket hücumlarının qəsdən olduğuna dair heç bir əlamət yoxdur. O, hadisəni "qəza" adlandıraraq, böyük ehtimalla Pşevoduva düşən raketlərin Ukraynaya məxsus olduğunu qeyd edib. Buna baxmayaraq, Dudanın fikrincə, "ən sonda məsuliyyət noyabrın 15-i, çərşənbə axşamı Ukraynaya bir sıra raket hücumu həyata keçirən Rusiyanın üzərinə düşür".

Britaniyanın Baş naziri Rişi Sunak isə Polşada baş verən insidentin məsuliyyətini Rusiyanın üzərinə qoyub. "Biz hamımız başa düşməliyik ki, Rusiya Ukraynaya təcavüz etməsəydi bunların heç biri baş verməzdi. Bu, Putin müharibəsinin qəddar və amansız reallığıdır. Bu nə qədər davam edəcəksə, həm bizə, həm də müttəfiqlərimizə təhlükədir" - deyə, o vurğulayıb.

Almaniya kansleri Olaf Şolz noyabrın 15-i və 16-da G-20 sammitinin keçirildiyi Balidə mətbuat konfransı zamanı oxşar bəyanatla çıxış edib. "Rusiyanın Ukraynaya qarşı müharibəsi olmasaydı, hazırda Ukrayna infrastrukturuna qarşı raketlərlə intensiv və genişmiqyasda hücumlar həyata keçirməsəydi, bunların heç biri baş verməzdi" deyib.

Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov Polşada baş verən insidenti şərh edərkən bildirib ki, rusiyalı mütəxəssislər Polşada raket qəzası yerindən fotoları izləyib və onların Ukrayna ordusunun S-300 raketləri olduğunu müəyyən edib.

"Noyabrın 15-i axşam saatlarında Pşevoduv qəsəbəsində tapılan raket qalıqlarının Polşada dərc edilmiş fotoşəkilləri Rusiya hərbi sənaye kompleksinin mütəxəssisləri tərəfindən birmənalı olaraq Ukrayna Hərbi Hava Qüvvələrinin S-300 hava hücumundan müdafiə raketinin elementləri kimi müəyyən edilib" - deyə, Konaşenkov brifinq zamanı bildirib.

ABŞ Prezidenti Co Bayden də bundan əvvəl raketin Rusiyadan atılması ehtimalının az olduğunu deyib.

O, "Bunu inkar edən ilkin məlumatlar var. Nə baş verdiyini dəqiq öyrənməyimiz üçün əlimdən gələni edəcəyəm" deyib.

NATO və Böyük Yeddilər-in liderləri Polşanın şərqində, Varşavanın Rusiya istehsalı olan raketlə vurulduğunu dediyi partlayışı və Rusiyanın Ukraynaya qarşı hücumlarının əhəmiyyətli dərəcədə artmasını müzakirə etmək üçün çərşənbə günü yerli vaxtla səhər saatlarında Balidə keçirilən G-20 sammitindən kənarda təcili toplantı keçirib.

Partlayışdan sonra təcili təşkil olunmuş fövqəladə iclasda ABŞ, Kanada, Avropa Komissiyası, Avropa Şurası, Fransa, Almaniya, İtaliya, Yaponiya, Hollandiya, İspaniya və Britaniya liderlərini bir araya gətirib.

XS
SM
MD
LG