Polşa Senatı Ukraynanın NATO-ya qəbulu ilə bağlı qətnamə qəbul edib. Bu barədə Polşa radiosu məlumat yayıb.
Sənəddə deyilir ki, Ukrayna "bu gün qitənin qeyri-adi döyüş təcrübəsinə malik ən güclü ordusuna malikdir" və ona görə də Ukrayna ordusunun "NATO ölkələri ilə siyasi və hərbi əməkdaşlığa ehtiyacı var".
Polşalı senatorlar hesab edirlər ki, NATO-nun Vilnüsdə keçiriləcək sammiti Ukraynanın alyansa tamhüquqlu üzvlüyü istiqamətində mühüm addım olmalı, Kyivə münasibətə gəldikdə isə ona Finlandiya və İsveçin keçdiyi prosedurlar tətbiq edilməlidir. Finlandiya artıq NATO-ya üzv olub. Macarıstan və Türkiyə İsveçlə bağlı hələ də qərar verməyib.
"Bir illik dəhşətli müharibədən sonra biz bilirik ki, Ukrayna Rusiyaya müqavimət göstərməklə Avropanı qoruyur və qitəni Şərqin təcavüzündən qoruyan əsas halqadır" - deyə, sənəddə bildirilib.
NATO-nun sammiti iyulun 11-12-də Vilnüsdə keçiriləcək. Aprelin əvvəlində Litva Seymi bu sammitdə ölkəsinin əsas məqsədləri ilə bağlı qətnamə qəbul edib. Litva hakimiyyətinin əsas məqsədlərindən biri, sənəddə deyildiyi kimi "NATO-nun siyasi dəstəyi də olmaqla, praktiki tədbirlərlə Ukraynaya tam dəstək" verməkdir.