Polşa prezidenti Anjey Duda yanvarın 11-də Ukraynanın qərbindəki Lviv şəhərində Ukrayna prezidenti Volodimir Zelenski və Litva prezidenti Gitanas Nauseda ilə görüşdən sonra bəyan edib ki, Polşa koalisiyanın tərkibində Ukraynaya "Leopard" tankları göndərməyə hazırdır.
Kyiv Donbas bölgəsində quru döyüşlər üçün kritik dərəcədə gərək olduğunu deyərək, Almaniya istehsalı olan ağır hərbi "Leopard 2" maşınlarını istəyib.
Duda "Lyublin üçbucağı" regional forumunun dövlət başçılarının görüşündən sonra keçirilən birgə mətbuat konfransında Varşavanın Leopard tanklarını "beynəlxalq koalisiya çərçivəsində" çatdırmağa hazır olduğunu bildirib.
"Biz Polşadan Ukraynaya bu cür dəstəyi vermək qərarına gəldik. Koalisiyanın tərkibində "Leopard" tankları veriləcək. Buna görə rəsmi razılıq almaq və beynəlxalq koalisiya qurmaq gərəkdir. "Leopard” tanklarının birinci partiyası Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün başqa növ tanklarla birlikdə digər ölkələr tərəfindən tezliklə təmin ediləcək" , Duda deyib.
Zelenski bu addımı alqışlayıb, lakin qabaqcıl "Leopard" döyüş tanklarını göndərmək istəyən digər ölkələrin də iştirak edəcəyi "ortaq bir qərar" gözlədiyini bildirib.
Zelenski bizə yalnız bir dövlət yardım edə bilməz deyib.
"Düşünürəm ki, bu gün başqa dövlətdən də bizi müasir Qərb tipli tanklarla təmin etmək üçün müsbət [qərar] olacaq" - deyə, Zelenski heç bir ölkənin adını çəkmədən əlavə edib.