Accessibility links

Bayden: Universitetlərdəki etirazlarda söz azadlığı ilə yanaşı 'nizam hökm sürməlidir'


Prezident Co Bayden. 2 may, 2024. Ağ Ev. Vaşinqton, ABŞ
Prezident Co Bayden. 2 may, 2024. Ağ Ev. Vaşinqton, ABŞ

Birləşmiş Ştatlar inversitetlərində həftələr boyu fələstinlərə dəstək aksiyaları keçiriləndən sonra Prezident Co Bayden cümə axşamı xalqa müraciət edərək, azad söz hüququ və qanunun aliliyinin təmin edilməli olduğunu vurğulayıb.

“Nizam hökm sürməlidir” Bayden Ağ Evdən deyib, eyni zamanda fikir ayrılığının "demokratiya üçün vacib olduğunu” qeyd edib.

“Biz insanları susduran və ya müxalif səsləri boğan avtoritar bir ölkə deyilik”, o deyib. “Amerika xalqının səsi eşidilir. Əslində, dinc etiraz amerikalıların vacib problemlərə reaksiya verməsi ilə bağlı ən yaxşı ənənədir”.

Bayden deyib ki, o, bəzi Respunlikaçı qanunvericilərin, o cümlədən Nümayəndələr Palatasının spikeri Mayk Consonun etirazları yatırmaq üçün Milli Qvardiyanı göndərmək çağırışlarını dəstəkləmir.

O bildirib ki, kampusdakı nümayişlər onun Qəzzaya yanaşmasını nəzərdən keçirməsinə səbəb olmayıb. Onun administrasiyası İsrailin bəzi müharibə davranışlarını tənqid edib, ancaq proqressiv Demokratlar və amerikalı müsəlman qrupların etirazlarına baxmayaraq, İsrailin HƏMAS-ı yox etmək səylərini dəstəkləməyə davam edir.

Baydenin çıxışı Amerika və İslam Münasibətləri Şurasının direktor müavini Edvard Mitçelin tənqidi ilə qarşılanıb. O deyib ki, prezident “qeyri-müəyyən, iki-tərəfli çıxışında İsrail tərəfdarı iğtişaşçıların və hüquq-mühafizə orqanlarının bütün ölkə boyu Qəzza soyqırımına etiraz edən tələbələrə qarşı başlatdıqları zorakı hücumları xüsusi olaraq qeyd etmədi və ya pisləmədi”.

“Ağ Ev dəfələrlə hər hansı antisemitizm iddiasını pisləməyə tələsib, ancaq fələstinlilər əleyhinə irqçilik və islamofobiya insidentlərini qınamayıb”, Mitçel Amerikanın Səsinə bildirib.

Prezidentliyə Respublikaçı namizəd olan sabiq Prezident Donald Tramp da Baydenin etirazlarla bağlı çıxışını tənqid edərək, onun nümayişçilərə qarşı çox yumşaq olduğuna işarə edib.

“Radikal ekstremistlər və ultra-solçu təşviqatçılar kollec kampuslarını terror edir”, Tramp çərşənbə günü Viskonsinin Vaukeşa şəhərində keçirilən kampaniya tədbirində deyib. “Baydeni tapmaq olmur. O heç nə deməyib.”

Etirazlar noybar seçkisindən öncə Bayden üçün artan siyasi dilemmaya çevrilib. Respublikaçılar ABŞ Prezidentini qanunsuzluq və antisemitizmə göz yummaqda ittiham edir, proqressivlər və gənc seçicilər isə polisin Qəzzadakı müharibə ilə bağlı çaxnaşmanı yatırmaq üçün sərt tədbirlər görməsinə qəzəblənir.

“Bu, prezidentin qalib gələ bilmədiyi klassik siyasət məsələsidir,” Virciniya Universitetinin Siyasət Mərkəzinin direktoru Larri Sabato bildirib.

Bu məsələ adətən həm əksər yəhudi amerikalıların, həm də əksər ərəb amerikalıların səslərini alan Prezidentliyə Demokrat namizəd üçün xüsusi ilə mürəkkəbdir.

“Ehtimal odur ki, o, bu il heç bir tərəfin səsini almayacaq, ya da ən azından səslərin faizi həmişəkindən aşağı olacaq,” o deyib.

Bayden Respublikaçıların etirazlardan seçki kampaniyası üçün mənfəət kimi istifadə etmək səylərini pisləyib. “Bu kimi zamanlarda həmişə siyasi xalq qazanmağa çalışanlar olur,” o deyib.

Polis təzyiqi

Bundan öncə cümə axşamı polis Los Ancelesdə yerləşən Kaliforniya Universtietində fələstinlilərə dəstək məqsədilə quraşdırılan etiraz düşərgəsinə doğru yürüyərək, barrikadanı dağıdıb, bir neçə insanı saxlayıb.

Polis fəaliyyəti bir neçə saat davam edib. Polis zabitləri bir neçə saat çadır düşərgəsi yaxınlığında gözləyəndən sonra qısa müddətə əraziyə daxil olub, daha sonra isə etirazçıların səs-küy salması nəticəsində geri çəkilib.

Təxminən bir saat sonra polis zabitlərindən ibarət böyük bir qrup etiraz xəttinə doğru hərəkət edib, yüzlərlə etirazçı isə onların irəliləməsinin qarşısını almaq üçün pilləkənlər və piyada keçidlərinə axın edib.

Etirazçılar “Biz getmirik,” “Polis, evə get” və “kampusumuzu tərk edin” kimi şüarlar səsləndirməyə davam ediblər.

Polisin kampusa getməsi İsraili dəstəkləyən əks-nümayişçilərin davamlı olaraq universitetin İsraildən investisiya vəsaitlərini geri götürməsini tələb edən fələstinliləri dəstəkləyən qrupa əşyalar atması və onların quraşdırdığı barrikadaları dağıtmasından sonraya təsadüf edib.

UCLA kansleri Cin Blok çərşənbə günü gecə saatlarında baş verən zorakılığa görə “bir qrup təhrikçi”ni günahlandırıb.

“Düşərgə ilə bağlı düşüncəniz nə olursa olsun, tələbələrimizə, müəllim heyətinə və icma üzvlərimizə bu hücum tamamilə qəbuledilməzdir,” Blok açıqlamasında deyib.

UCLA-də etiraz ölkə boyu universitet kampuslarında fələstinlilərə dəstək məqsədilə keçirilən çox sayda nümayişlərdən biridir. Bu nümayişlər zamanı yüzlərlə insan saxlanılıb.

Nyu Hempşirdə polis çərşənbə günü və cümə axşamına keçən gecə Dartmut Kollecində etirazçıları həbs edib, çadırları dağıdıb.

Dartmutda fələstinliləri dəstəkləyən etiraz düşərgəsi çərşənbə günü, universitet rəhbərliyinin belə bir düşərgənin universitet qanunu pozacağına dair xəbərdarlıq etməsindən sonra salınıb.

Rektor Deyvid Kotz kampus icmasına göndərdiyi məktubda bildirib ki, universitet “fərqlər arasında dialoqa dərindən sadiq qalır və çətin mövzularda söhbət etməyə açıq və hazırdır.”

Oktyabr ayında Dartmutda İsraildən investisiya vəsaitlərinin geri çəkilməsinə çağıran etiraz çərçivəsində kampusda çadır quran iki tələbə saxlanılmışdı.

Bİr qrup Dartmut tələbələri daha sonra həbslərə etiraz etmək məqsədilə aclıq aksiyası keçirmiş, ötən həftə kampusda Qəzza ilə həmrəylik yürüşündə 100-dən çox insan iştirak etmişdi.

Dallasda yerləşən Texas Universitetində polis 17 nəfəri həbs edərək, fələstinlilərə dəstək düşərgəsini təmizləyib.

Nyu Yorkda polis çərşənbə günü Fordhan Universitetində fələstinlilərə dəstək düşərgəsini dağıdıb, ən azı 15 nəfəri saxlayıb.

Minnesota Universitetində etiraz təşkilatçıları çərşənbə günü müvəqqəti prezident Ceff Ettingerlə danışıqlar aparandan sonra bildirib ki, onların da düşərgələri davam edəcək. Bir çox universitetdə olduğu kimi orada da etirazçılar universitetin İsraildən investisiya sərmayelərini geri çəkməsini tələb edir. Ettinger danışıqları “konstruktiv dialoq” kimi təsvir edib.

Kolumbiya Universitetinin rəhbərliti çərşənbə günü bildirib ki, bir kampus binasının ələ keçirilməsinin də daxil olduğu etirazlardan sonra yaxında bitəcək semestrdə geridə qalan bütün akademik fəaliyyət onlayn qaydada keçiriləcək. Polis orada çərşənbə axşamı etirazçıları dağıdaraq, təxminən 300 nəfəri həbs edib.

İsrailin BMT-dəki səfiri çərşənbə günü Təhlükəsizlik Şurasının Fələstin dövlətinin yaranması ilə bağlı iclasında tələbələrin etirazlarını pisləyib.

“Biz hər zaman bilirdik ki, HƏMAS məktəblərdə gizlənir. Sadəcə olaraq biz bunun təkcə Qəzzada deyil, Harvard, Kolumbiya və ABŞ-da bir çox ‘elit universitetdə’ də olduğunu bilmirdik,” Gilad Erdan deyib.

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer çərşənbə günü müxbirlərə deyib ki, insanların “qanun çərçivəsində və dinc şəkildə etiraz etmək hüquqları var.”

“Biz tələbələri qoruyub, onların kampusda özlərini təhlükəsiz hiss etmələrindən danışırıq. Biz tələbələrin akademik təcrübələrinə mane olan kiçik qrup tələbədən bəhs edirik”, Jan-Pyer deyib.

O bildirib ki, Bayden administrasiyası “həmçinin eşitdiyimiz, gördüyümüz hər hansı növ antisemitizmi - nifrəti tənqid edəcək.”

İsrail Qəzzaya əks-hücumunu ABŞ-ın terror təşkilatı olaraq tanıdığı HƏMAS oktybarın 7-də İsrailin cənubuna gözlənilməyən hücum edəndən sonra başladıb.

İsrailin dediyinə görə, militantlar əksəriyyəti mülki şəxslər olmaqla, təxminən 1200 nəfəri ölüdürüb, 250-ə yaxın insanı girov götürüb.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail Aralıq dənizi sahilində yerləşən ərazidə 34 000-dən çox fələstinlini öldürüb ki, onların üçdə ikisi qadın və uşaqlardır.

Forum

XS
SM
MD
LG