İyunun 8-də Bakının Yasamal rayonunda qadına təhqiramiz sözlər deyən polis əməkdaşı vəzifəsindən azad edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iyunun 7-də Bakının Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılıb və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq, onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilib.
“Həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və ondan üzr istənilib. Bundan sonra Daxili İşlər Nazirliynin rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilib," mətbuat xidməti qeyd edib.
Sosial şəbəkələrdə polisin iyunun 6-da bir neçə gənci karantin qaydalarını pozarkən saxladıqları zamanı sakinlərin etiraz əlaməti olaraq zibilləri polislərin üzrəinə atması əks olunan videolar yayılıb.
İyunun 7-də səhər saatlarında Çevik Polis Alayı əməkdaşları Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsindəki binada yaşayan bir neçə nəfəri saxlayıb.
Polis adı çəkilən binanın bloklarına daxil olaraq sakinləri evlərindən zorla aparıb. Sosial şəbəkələrdə polislərin hərəkətləri əks olunmuş videolar da yayılıb.
Rəsmi məlumatda deyilir ki, polisin üstünə müxtəlif əşyalar atan 11 nəfərin şəxsiyyəti müəyyən edilib və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətiriliblər.
“İyunun 7-də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndirib,“ məlumatda deyillir.