Accessibility links

Polis Moskvada 300 etirazçını həbs edib


Rusiya polisi şənbə günü Moskvada azad seçki tələbi ilə etirazda iştirak edən 300-dən çox insanı həbs edib. Rəsmilər nümayişin icazəsiz olduğu barədə xəbərdarlıq edib. Saxlananlar arasında məşhur fəal Lyubov Sobol da var.

Polis Sobolu taksidən endirib və polis maşınına salıb. Bu, Kreml əleyhdarı fəalların namizədlərin gələn ay keçiriləcək seçkidə iştirak etmələrinə icazə verilməməsinə etiraz olaraq keçirdikləri dinc nümayişdən bir neçə dəqiqə öncə baş verib.

Etiraz başlayandan bir az sonra isə Reuters müxbiri yezlərlə insanın Moskvanın mərkəzində etiraz nöqtələrinə toplaşmağa başladıqlarını müşahidə edib. Bundan bir neçə dəqiqə sonra bir qrup iğtişaş polisi insanları oradan dağıtmağağa başlayıb.

Müstəqil müşahidə qrupu OVD-Info bildirib ki, polis 311 nəfəri həbs edib və azı altı nəfəri dəyənəklərlə döyüb.

Polis 30 nəfərin həbs olunduğunu, etirazda isə 350 nəfərin iştirak etdiyini bildirib. Onlar Sankt Peterburqda da buna bənzər, lakin icazəli olan etirazda 1000 nəfərin iştirak etdiyini söyləyib.

Etirazçıların əsas qəzəbinə səbəb bir sıra müxalif-yönlü namizədlərin sentyabr ayında Moskvada keçiriləcək seçkidə iştirakının qarşısını almaqdır. Namizədlər arasında həbs olunan müxalif siyasətçi Aleksey Navalnı da var.

Rəsmilər deyir ki, müxalif namizədlər qeydiyyatdan keçmək üçün kifayət qədər imza toplaya bilməyib. Namizədlər isə deyir ki, bu yalandır və qalib gələ biləcəklərinə inandıqları seçkidə iştirak etməkdə israr edir.

“Onlar ayaqlarını üstümüzə silir” – deyə, şənbə günü etirazda iştirak edən tələbə Yelena bildirib.

Bir digər iştirakçı 61 yaşlı mühəndis Yevgeni Snetkov rəsmilərin müxalif namizədlərin seçkidə iştirak etməsinin həyasızca qarşısını aldığını deyib. “Mənim etiraz etməkdən başqa seçimim yox idi”, o deyib.

Aleksey Navalnı
Aleksey Navalnı

Polis bir həftə öncə bənzər etirazda 1000-dən çox insanı həbs edib.

Rəsmilər şənbə günü keçirilən etirazdan öncə evlərdə axtarışlar aparıb və bir neçə nəfəri həbs edib, onları kütləvi iğtişaş yaratmaqda ittiham edib.

Fəallar deyir ki, Rusiya konstitusiyası onların azad şəkildə etiraz etmələrinə icazə verir. Lakin rəsmilər hər hansı nümayişin məkan və zamanı ilə bağlı öncədən razılıq əldə olunmalı olduğunu söyləyir. Amma şənbə günü keçirilən etirazdan öncə bu edilməyib.

Müxalif faəllar rəsmilərin dəfələrlə Moskvanın mərkəzində etiraza icazə vermədiyi və onlara icazə olmadan etiraz keçirməkdən başqa seçimin buraxılmadığını deyir.

Sobolun Navalnı daxil olmaqla azı səkkiz müttəfiqi sərt etiraz qanunlarını pozduqlarına görə həbsdədir. Hakim Birləşmiş Rusiya parlamentdə çoxluq təşkil edir.

XS
SM
MD
LG