Fransa polisi bildirib ki, onlar şənbə günü Parisdə 100-dən çox “sarı jiletli” nümayişçini həbs edib. Minlərlə etirazçı artıq 23 həftədir davam edən hökümət əleyhinə yürüş keçirmək üçün küçələrə axışıb.
AFP jurnalistləri bir neçə saat davam edən sakitliyin ardınca gündüz saatlarında polislə nümayişçilər arasında qarşıdurma yaşandığını bildirib. Polis Fransa paytaxtında yürüş iştirakçılarını dağıtmaq üçün iğtişaş əleyhinə qumbaralar və göz yaşardıcı qazdan istifadə edib.
Baş polis idarəsi 126 nəfərin həbs olunduğunu və 11 min etirazçı ilə bağlı yoxlanışın aparıldığını bildirib.
Şənbə günü etirazların böyük hissəsinin Parisdə keçirildiyi kimi görsənsə də, digər Fransa şəhərlərində də nümayişlərin keçiriləcəyi gözlənilib.
Fransa prezidenti Emmanuel Makron bu ayın əvvəli nümayişlər zamanı təhlükəsizlik qüvvələrini daha çox səlahiyyətlərlə təmin edən qanun imzalayıb, lakin əleyhdarlar bu qanunun vətəndaş hüquqlarını pozduğunu iddia edir.
Qəbul edilən tədbirlərdən biri etirazçıların üzlərini bağlamalarını qadağan edir, lakin Fransanın Konstitusiya Şurası qanunun ən mübahisəli hissəsini təsdiq etməkdən imtina edib.
Bu qanun həmçinin hüquq-mühafizə orqanlarına “ictimai asayişə ciddi hədə olan” hər hansı bir şəxsin nümayişdə iştirak etməsini qadağan etməsinə səlahiyyət verəcəkdi.
“Sarı jiletlilər” hərəkatı hökümətin sosial və maliyyə siyasətinə dəyişikliklərin edilməsini tələb edir.