ABŞ Dövlət Katibi Mayk Pompeo çərşənbə axşamı Twitter səhifəsində yazdığı mesajında Çinin bazar günü futbol oyunu yayımlamamaq qərarının diqqəti Pekin hökumətinin dini azlıqlara qarşı iddia edilən insan haqları pozuntularından yayındırmayacağını bildirib.
Pompeonun tviti Çin hökumətinin uyğur müsəlman azlığına qarşı apardığı kampaniyanı tənqid edən fubolçunun şərhindən sonra Çin dövlət televiziyasının futbol oyununun planlaşdırılmış canlı yayımını dayandırılmasına cavab olaraq yazılıb.
"Çinin Kommunist Partiyasının təbliğat vasitələri @MesutOzil1088 və @Arsenalın oyunlarını bütün mövsüm boyu senzura edə bilər, amma həqiqət qalib gələcək. Çin Xalq Respublikası, uyğurlara və dünyadakı digər dini azlıqlara qarşı kobud insan haqları pozuntularını gizlədə bilməz" - deyə, Pompeo Twitter səhifəsində bildirib.
Çinin CCTV kanalı ilk əvvəl "Arsenal" və "Mançester Yunayted" arasındakı futbol oyununu yayımlamağı planlaşdırsa da, sonradan bunun əvəzinə "Tottenham Hotspur" və "Wolverhampton Wanderers"-in lentə alınmış oyununu göstərmək qərarına gəlib.
"Arsenal"-ın oyunçusu Mesut Özil Twitter-də cümə günü Çinin Qərb bölgəsindəki müsəlman azlıqlarına edilən təzyiqləri pisləyərək, digər müsəlman ölkələrini bu zorakılıq hallarına qarşı fikir bildirmədikləri üçün də tənqid edib.
"Quranlar yandırılır .... Məscidlər bağlanır ... Müsəlman məktəbləri qadağan edilir ... Din alimləri bir-bir öldürülür ... Qardaşlar zorla düşərgələrə göndərilir" - deyə, Özil cümə günü öz Twitter səhifəsində Türk dilində yazıb.
Birləşmiş Ştatlar, Birləşmiş Millətlər Təşkilatı və müxtəlif insan hüquqları qrupları Çini ölkənin qərbindəki Sincan vilayətində təxminən 1 milyon etnik müsəlmanı dinlərindən və irslərindən imtina etməyə məcbur etmək məqsədilə "təhsil düşərgələri"ndə saxlamaqda ittiham edir.
Çin dövlətinin mətbu orqanı olan "Global Times" qəzeti Twitter hesabında Özilin səsləndirdiyi fikirlərin "azarkeşləri və futbol rəhbərliyini məyus etdiyi" üçün CCTV-nin oyunu yayımlamamaq qərarına gəldiyini bildirib.
Arsenal Çinin Twitter-in bənzəri olan Weibo platformasında futbolçunun paylaşdığı fikirlərin “tamamilə Özilin şəxsi fikri” olduğunu bildirib. Komanda "Twitter"-də cavab yazmayıb və rəsmi açıqlama yaymayıb.