Accessibility links

Pompeo: ABŞ BMT embarqosu bitdikdən sonra da İranın silah almasına imkan verməyəcək


ABŞ dövlət katibi Mayk Pompeo çərşənbə günü bildirib ki, oktyabrda BMT-nin qadağa müddəti bitdikdən sonra ABŞ İrana adi silah almağa icazə verməyəcək.

"Biz buna imkan verməyəcəyik" - deyə, Pompeo brifinq zamanı bildirib. "BMT Təhlükəsizlik Şurası ilə birlikdə silah satışına qoyulan bu qadağanı genişləndirmək üzərində çalışacağıq və əgər başqa kimsə fəaliyyət göstərməsə, ABŞ bunun necə edilə biləcəyini qiymətləndirir".

ABŞ 2018-ci ildə İranla iqtisadi sanksiyaların aradan qaldırılması qarşılığında Tehranın nüvə silahları inkişaf etdirməsinin qarşısının alınmasını nəzərdə tutan nüvə sazişindən çıxıb. Bu müqavilənin bir hissəsi olaraq BMT-nin İrana silah embarqosu oktyabrda başa çatır.

ABŞ rəsmisi embarqonun uzadılmasına dair Birləşmiş Ştatlar tərəfindən hazırlanan qətnamənin nüvə sazişinin tərəfləri olan Britaniya, Fransa və Almaniyaya verildiyini təsdiqləyib. Ancaq BMT diplomatları qətnaməninRusiya və Çin də daxil olmaqla, BMT Təhlükəsizlik Şurasının qalan 11 üzvü ilə bölüşülmədiyini qeyd edib. Şurada veto qoymaq hüququna malik olan və nüvə sazişinin tərəfləri olan Rusiya və Çinin İrana silah satmaq istədikləri güman edilir.

"İranın nüvə razılaşmasının uğursuzluqları çoxdur. Onlardan biri indi göz qabağındadır... Çin, Rusiya və dünyanın digər ölkələri oktyabr ayında iranlılara adi silah sistemlərini sata biləcəklər" - deyə, Pompeo qeyd edib.

"Biz E3 tərəfdaşlarımızı tədbir görməyə çağırırıq. Onlar bunu edə biləcək gücdədir", Pompeo Britaniya, Fransa və Almaniyaya işarə edərək əlavə edib.

XS
SM
MD
LG