Accessibility links

ABŞ dövlət katibi özünü karantinə alıb


ABŞ dövlət katibi Mayk Pompeo koronavirus testi müsbət olan bir nəfərlə görüşdükdən sonra özünün testi mənfi olsa da, özünü karantinə alıb.

Dövlət Departamentinin mətbuat katibi ABŞ-ın yüksək səviyyəli diplomatının "departamentin tibb qrupu tərəfindən yaxından nəzarət altında olduğunu" deyib. Departament "konfidensiallıq səbəbi" ilə Pompeo ilə təmasda olan yoluxmuş şəxsin kimliyi barədə məlumat verilməyəcəyini bildirib.

"Dövlət katibi testdən keçib və nəticə mənfi çıxıb. Lakin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin təlimatlarına uyğun olaraq o, karantində olacaq" - deyə, mətbuat katibi bildirib.

Pompeonun virusa yoluxmuş biri ilə necə qarşılaşdığı məlum deyil. Çərşənbə axşamı o, Dövlət Departamentində bayram tədbirinə ev sahibliyi edib. Washington Post tədbirə dəvət olunan 900 nəfərdən yalnız xaricə göndərilən diplomatların ailə üzvləri olmaqla, çox az qonağın iştirak etdiyini yazıb. Pompeo tədbirdə planlaşdırılan çıxışını ləğv edib.

Keçən həftə Nyu-Cersi ştatından Demokrat senator Bob Menendez Pompeonu departamentin işçilərini və tədbir təşkilatçılarını təhlükə qarşısında qoymamaq üçün bayram tədbirini ləğv etməyə çağırmışdı.

ABŞ-da ilk koronavirus peyvəndlərinə başlanmasına baxmayaraq, yeni yoluxmaların sayı gündə on minlərlə artmaqda davam edir. Cons Hopkins Universitetinin bildirdiyinə görə, ABŞ-da koronavirusa 16.7 milyondan çox yoluxma, 304 000 ölüm halı qeydə alınıb.

XS
SM
MD
LG