Accessibility links

Pompeo: "Əl-Qaidənin yeni bir bazası var, bu, İran İslam Respublikasıdır"


Dünyanın ən təhlükəli cihadçı terror təşkilatlarından biri nəinki yoxa çıxa, ağıla gəlməyən bir müttəfiqi sayəsində yenidən canlanmağa başlaya bilər.

ABŞ dövlət katibi Mayk Pompeo çərşənbə axşamı deyib ki, ABŞ-ın 2001-ci il 11 sentyabr tarixində Nyu Yorkdakı Dünya Ticarət Mərkəzinə və Pentaqona hücumlar həyata keçirən Əfqanıstandakı Əl-Qaidəni hədəf almasından təxminən iyirmi il sonra bu terror qruplaşması özünə yeni bir "ev" qurub.

"Əl-Qaidənin yeni bir bazası var, bu, İran İslam Respublikasıdır" - deyə, Pompeo Vaşinqtondakı Milli Mətbuat Klubundakı çıxışı zamanı bildirib.

"Tehran Əl-Qaidəyə vəsait toplamasına, dünyadakı Əl-Qaidə üzvləri ilə sərbəst ünsiyyət qurmasına və əvvəllər Əfqanıstandan və ya Pakistandan idarə olunan bir çox funksiyanı yerinə yetirməsinə imkan verib. Bu yardımlar nəticəsində Əl-Qaidə liderliyini Tehranda mərkəzləşdirib" - deyə, o əlavə edib və İranı terror qruplaşmasının yeni "əməliyyat qərargahı" kimi xarakterizə edib.

ABŞ prezidenti Donald Trampın prezidentlik vaxtının azaldığı bir vaxt Birləşmiş Ştatların baş diplomatının xəbərdarlığı Tramp administrasiyanın diqqətini yenidən İrana qaytarıb.

Bu, eyni zamanda son bir neçə ayda administrasiyanın digər rəsmiləri tərəfindən Əl-Qaidə ilə bağlı qiymətləndirmələrinndən təəccüblü bir dəyişikliyi də təmsil edir.

Dövlət Departamentinin Terrorla Mübarizə Koordinatoru, səfir Natan Seyls keçən ilin noyabr ayında virtual bir forumda "Şübhəsiz ki, Əl-Qaidənin durumunun ağır olduğunu düşünürəm" deyib.

ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Robert Obrayen də eyni dərəcədə nikbin idi. Bir gün əvvəl o, ABŞ-ın Əl-Qaidəyə qarşı göstərdiyi təzyiqlər səbəbindən bu təşkilatın ABŞ-a qarşı genişmiqyaslı hücumlar həyata keçirmək iqtidarında olmadığını deyib.

XS
SM
MD
LG