ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, Venesuela prezidenti Nikolas Maduro müxalifət lideri Xuan Quaydonun onun rejimini devirmək səylərinin baş tutmamasına baxmayaraq, yalnız “hazırkı an hakimiyyətdədir”.
ABŞ-ın baş diplomatı ABC News kanalına müsahibədə bildirib ki, “Maduro çətin ki öz mövqeyində özünü təhlükəsiz hiss edir”. O bildirib ki, Maduronun Venesuelanın lideri kimi günləri sayılıb, lakin heç bir müddət göstərməyib.
Özünü müvəqqəti prezident elan etmiş Venesuela müxalifət lideri Xuan Quaydo Nikolas Maduronun socialist hökumətinə etiraz məqsədilə keçən həftə minlərlə vətəndaşın iştirak etdiyi nümayişlər keçirib. Lakin ölkənin hərbir komandirləri Maduronun hakimiyyətdən devrilməsi üçün Quaydonun çağırışlarına qoşulmayıb.
Pompeo Birləşmiş Ştatların “Venesuela xalqı üçün demokratiyanın bərpasına” dəstəyini davam etdirəcəyini deyib.
ABŞ dövlət katibi Rusiya, Kuba və İranı Maduro rejiminə dəstəyə son qoymağa çağırıb. "Biz istəryik ki, hamı getsin" - deyə, o bildirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Maduronu hakimiyyətdən devirmək üçün “məsuliyyətsiz planlarından imtina etməli olduğunu“ deyib.
ABŞ dövlət katibi Mayk Pompeo keçən həftə verdiyi müsahibədə Birləşmiş Ştatların Venesuelada davam edən iğtişaşların dayandırılması üçün hərbi müdaxilə etməyə hazır olduğunu bidirib.
“Hərbi müdaxilə mümkündür. Əgər buna ehtiyac olarsa, Birləşmiş Ştatların edəcəyi bu olacaq” – deyə Pompeo bildirib.
Lakin nə Pompeo, nə də prezident Donald Tramp ABŞ-ın Cənubi Amerika ölkəsinə hansı şərtlər əsasında hərbi qüvvə göndərilə biləcəyi haqda bir söz deməyiblər.
“Mən tam əminəm ki, Venesuelada hər hansı addım qanuni olacaq”, deyən Pompeo müdaxilə üçün Konqresin təsdiqinin lazım ola biləcəyi ilə bağlı narahatlıqlarını əhəmiyyətsiz qoyub.
Venesuelanın Milli Assambleyasının prezidenti olan Quaydo Birləşmiş Ştatlar və dünyanın təxminən 50 ölkəsi tərəfindən ölkənin legitim lideri kimi tanınıb.