ABŞ dövlət katibi Mayk Pompeo bazar günü bildirib ki, Qətərin Amerikanın Yaxın Şərqdə dörd müttəfiqi tərəfindən blokadası “çox uzun sürür”. Lakin bununla belə Pompeo mübahisədə hansısa bir irəliləyişə nail olunduğuna da işarə etməyib.
Yaxın Şərqə turun çərçivəsində enerji ehtiyatları ilə zəngin ölkədə qısa səfəri zamanı Amerikanın baş diplomatı Qətər və Birləşmiş Ştatlar arasında münasibətlərdə “gözəl inkişafların” baş verdiyini bir neçə dəfə təkrar edib.
“Biz birlikdə işləyəndə daha güclü oluruq. Ümumi məqsədlərə malik ölkələr arasında mübahisələr heç vaxt işə kömək etmir” – deyə, Pompeo bidirib.
Pompeo Qətərlə ABŞ hərbi qüvvələrinin mərkəzi komandanlığının qərargahı və təxminən 10 min Amerika əsgərinin yerləşdirildiyi Əl-Udeyd hərbi hava bazasının genişləndirilməsi və yeniləşdirilməsi haqda qarşılıqlı anlaşmaya dair memorandum imzalayıb.
Lakin Pompeo və Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Səni Doha ilə yaranmış diplomatik böhranda hansısa bir irəliləyişə işarə etməyiblər.
Bəhreyn, Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri 2017-ci ildə iyun ayında Qətərin ekstremist qrupları maliyyələşdirdiyini və İranla yaxın münasibətlər qurduğunu iddia edərək, ölkəni boykot etməyə başlayıb. Qətər uzun zamandır ekstremistləri maliyyələşdirdiyini inkar edirdi. Lakin Doha Tehranla geniş ofşor qaz yatağını bölüşür. Böhran başladıqda Qətərin İranla diplomatik münasibətləri bərpa etməsi şiə İranı regionda özünün başlıca rəqibi hesab edən Səudiyyə Ərəbistanı tərəfindən narazılıqla qarşılanmışdı.
Qətərdən sonra Pompeo Yaxın Şərq turu çərçivəsində Səudiyyə Ərəbistanına səfər edəcək. Ər-Riyad və Vaşinqton arasında münasibətlərdə Washington Post qəzetinin yazarı Camal Xaşuqcinin oktyabr ayında Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlindən sonra gərginlik yaranıb. Səudiyyə Ərəbistanı vəliəhdi şahzadə Məhəmməd bin Salmanın yaxın çevrəsinə mənsub şəxslərin qətldə əli olduğu bildirilir. ABŞ qanunvericiləri Birləşmiş Ştatları Yəməndə münaqişədə Səudiyyə Ərəbistanına dəstəyi geri çəkməyə çağırıb.