Accessibility links

Pompeo Süleymaniyə qarşı hücumu qətiyyətlə müdafiə edir


ABŞ dövlət katibi Mayk Pompeo İran generalı Qasım Süleymaninin öldürülməsi ilə nəticələnmiş dron hücumunu müdafiə edib, lakin onun Yaxın Şərqdə ABŞ hərbi qüvvələri və rəsmilərinə qarşı təhlükə törətdiyinə dair Amerikanın iddiasını dəstəkləyəcək hər hansı dəlili göstərməkdən imtina edib.

Pompeo ABŞ-ın bir sıra tele kanallarına müsahibələr verib. O, ABC tele kanalında müsahibəsində bildirib ki, Süleymaniyə qarşı hücumdan öncə bütün kəşfiyyat məlumatlarına çıxışı olan ABŞ liderlərində onun öldürülməsinin zəruriliyinə dair heç bir şübhə olmayıb.

“Kəşfiyyatın qiymətləndirməsindən aydın oldu ki, Süleymaninin terror kampaniyası hazırlaması və planlaşdırmasını davam etdirməsinə imkan verilməsi bizim keçən həftə atdığımız addımdan daha riskli ola bilərdi. Biz riski azaltmışıq” - deyə, Pompeo bildirib.

Arxiv fotosu: İranın İnqilab Keşikçiləri Korpusunun generalı Qasım Süleymani Tehranda Ali dini rəhbər Ayətullah Əli Xameneyi ilə görüşdə, 18 sentyabr, 2016.
Arxiv fotosu: İranın İnqilab Keşikçiləri Korpusunun generalı Qasım Süleymani Tehranda Ali dini rəhbər Ayətullah Əli Xameneyi ilə görüşdə, 18 sentyabr, 2016.

Lakin Pompeo bir neçə dəfə Birləşmiş Ştatların Süleymaninin təhlükə yaratdığına inandığına dair dəlilin nədən ibarət olduğunu açıqlamaqdan imtina edib.

“Elə şeylər var ki, biz onları ictimaiyyətə açıqlaya bilmərik. Biz kəşfiyyat məlumatlarını verən mənbələri qorumalıyıq” - deyə, o, Fox tele kanalına müsahibəsində bildirib.

CNN tele kanalına müsahibəsində isə Pompeo deyib ki, ABŞ rəsmiləri dron hücumu ilə bağlı informasiyanı “bizim mənbələr və metodlarımız, ən başlıcası isə təhlükələr yaradıldıqda nələrin baş verdiyini başa düşmək imkanlarımıza uyğun olaraq” açıqlaya bilərlər. “Kəşfiyyatla risk etmək istəmirsiniz” – deyə, Pompeo bildirib.

Süleymaninin öldürülməsindən sonra Vaşinqton və Tehran arasında təhdidlər müharibəsi davam edir.

ABŞ prezidenti Donald Tramp Tehran İranın hərbi komandiri Qasim Süleymaninin öldürülməsinə cavab olaraq amerikalılara, ya da Birləşmiş Ştatlara qarşı hücum etsə, İranın mədəniyyət obyektləri də daxil olmaqla, 52 obyektə “ağır” zərbələr endiriləcəyi ilə hədələyib. 52 rəqəmi 1979-cu ilin noyabr ayında Tehranda ABŞ səfirliyinin ələ keçirilməsindən sonra 444 gün girov saxlanan amerikalıların sayını təmsil edir.

Müharibəyə hüquqi məhdudiyyətləri ifadə edən Cenevrə Konvensiyasına görə, başqa ölkənin mədəniyyət obyektlərinə hücum müharibə cinayətidir. Lakin Pompeo Trampın Twitter sosial şəbəkəsində yazdığı şərhləri qınamadan ABC tele kanalına müsahibəsində deyib: “Biz qanuni olaraq hərəkət edəcəyik. Biz sistem daxilində hərəkət edəcəyik. Bizim zərbə endirəvəyimiz hər bir hədəf qanuni hədəf olacaq və Amerika xalqını qorumaq kimi bir vəzifə olaraq hazırlanacaq”

İran hədələrə cavab olaraq ABŞ-ı beynəlxalq qanunu pozmaqda ittiham edib və Trampın mümkün hədəflərə mədəniyyət obyektlərini daxil etməsini tənqid edib.

XS
SM
MD
LG