Accessibility links

ABŞ-ın baş diplomatı Səudiyyə kralı ilə İranı müzakirə edib


ABŞ dövlət katibi Mayk Pompeo cümə axşamı Səudiyyə Ərəbistanının kralı Salmanla İranın bölgədə yaratdığı təhlükələri müzakirə edib.

Görüşdən bir gun əvvəl Pompeo deyib ki, İranla müzakirələrə hazırdır. Lakin o, müzakirələr masası arxasına keçmək üçün tələsmək lazım olmadığını deyib.

“Biz tələsmirik, təzyiq kampaniyası davam edir. Bu, sadəcə iqtisadi təzyiq kampaniyası deyil, həm də diplomatiyanın təcrididir " - deyə, Pompeo Səudiyyə Ərəbistanına yola düşməzdən əvvəl Efiopiyanın paytaxtı Əddis Əbəbədə jurnalistlərə bildirib.

İranla ABŞ arasında münasibətlər Vaşinqtonun nüvə razılığından çıxması və Tehrana qarşı iqtisadi sanksiyalar tətbiq etməsindən sonra gərginləşib.

Prezident Donald Tramp 2018-ci ildə ABŞ-ın nüvə sazişindən çıxdığını elan etdiyi vaxtdan İran da bu sazişin şərtlərindən geri çəkilməyə davam edir.

Səudiyyə Ərəbistanının neft obyeklərinə qarşı hücumlardan sonra ABŞ o ölkəyə əlavə qoşun yeridib. Hücuma görə günahlandırılan İran ittihamları rədd edib.

Tramp administrasiyası Yaxın Şərqə əlavə qüvvə yerləşdirmə qərarından sonra deyib ki, qüvvələr Səudiyyə Ərəbistanının hərbi qabiliyyətini gücləndirməklə yanaşı, İranın addımlarını çətinləşdirəcək.

Ər-Riyad İranla mübahisələrdə Vaşinqtonun güclü müttəfiqidir. Əsasən sünni müsəlman ölkəsi olan Səudiyyə Ərəbistanı Yaxın Şərqdə nüfuz uğrunda şiə İranla mübarizə aparır.

Bir sıra ABŞ konqresmi Pompeonu bəzi ziddiyyətli məsələlərlə bağlı Ər-Riyada təzyiq göstərməyə çağırıb.

Üçgünlük səfəri çərçivəsində Pompeo insan haqları məsələsini də gündəmə gətirib.

Səudiyyə beş ildir Yəməndə apardığı dağıdıcı müharibəyə görə Qərb tərəfindən kəskin tənqid olunur.

2018-ci ildə İstanbuldakı Səudiyyə konsulluğunda ABŞ-da yaşayan jurnalist Camal Xaşuqçinin öldürülməsi, insan haqları fəallarının saxlanması da beynəlxalq qınaq hədəfidir.

XS
SM
MD
LG