Accessibility links

Pompeonun Rusiyaya Talibana mükafatlarla bağlı xəbərdarlıq etdiyi bildirilir


Mayk Pompeo və Sergey Lavrov
Mayk Pompeo və Sergey Lavrov

The New York Times-ın verdiyi məlumata görə, ABŞ dövlət katibi Mayk Pompeo Rusiya xarici işlər nazirinə Əfqanıstanda ABŞ əsgərlərini öldürmələri üçün Taliban militantlarına ödənildiyi iddia olunan pul mükafatları ilə bağlı xəbərdarlıq edib.

Qəzet adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən cümə günü Pompeonun Rusiya xarici işlər naziri Sergey Lazvrova iyulun 13-də baş tutan telefon danışığı zamanı xəbərdarlıq etdiyini bildirib.

The Times bildirib ki, bu, ABŞ-ın yüksək vəzifəli rəsmisi tərəfindən Rusiyaya mükafatlarla bağlı ilk bilinən xəbərdarlıqdır.

Pompeo daha öncə Rusiya ilə bu ittihamları müzakirə edib-etmədiyini bildirməyi rədd edir. Lakin, o ötən ay Senatın Xarici Əlaqələr Komitəsinə Lavrovla hər danışığında “amerikalıları riskə atan bütün məsələləri qaldırdığını” deyib.

Tramp kəşfiyyat icmasının narahatlıqlarına baxmayaraq, Rusiyanın ABŞ əsgərlərinin öldürülməsi üçün mükafat təklif etməsi ilə bağlı xəbərləri “Rusiya ilə əlaqəli növbəti uydurma” adlandırıb.

Tramp ötən ay Floridada müxbirlərə: “Bu məsələ heç vaxt mənim diqqətimə çatdırılmayıb, bəlkə də onlar bunu həqiqət hesab etmədikləri üçün etməyiblər. Çünki mənim diqqətimə çatdırılsa, mən bir tədbir görərəm” deyib.

“Axios on HBO” verilişinə verdiyi müsahibədə Tramp bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi telefon danışığı zamanı pul mükafatı məsələsini müzakirə etmədiyini söyləyib.

“Bu telefon danışığı başqa məsələləri müzakirə etmək üçün baş tutub və, açığını desəm, çox adam həmin məsələnin saxta olduğunu deyib,” Tramp bildirib.

Ağ Ev rəsmiləri deyib ki, Tramp pul mükafatları ilə məlumatlandırılmayıb, çünki məsələ ilə bağlı qəti nəticə əldə olunmayıb. Lakin The New York Times daxil olmaqla bir neçə media orqanı məsələnin fevral ayında prezidentə təqdim olunan gündəm arasında yer aldığını bildiriblər. Tramp ona şəxsən məsələ ilə bağlı məlumatın verilmədiyini deyib.

Rusiya Talibana Əfqanıstanda ABŞ əsgərlərini öldürmək üçün pul təklif etdiyini inkar edib.

XS
SM
MD
LG