“Petro Poroşenkonun Bloku” partiyası adını dəyişərək, “Avropa Həmrəyliyi” partiyası oldu. Bu qərar partiyanın qurultayında qəbul edilib.
Ukraynanın sabiq prezidenti və partiya lideri Petro Poroşenko hesab edir ki, rebrendinq partiyaya bu ilin iyul ayında keçiriləcək növbəti parlament seçkilərində uğur qazanmağa yardım edəcək.
Bu barədə daha öncə, partiya daxilindən bir neçə mənbəyə istinadən RBK xəbər agentliyi bildirmişdi. Xəbərdə deyilirdi ki, partiyanın adından Poroşenkonun soyadı götürüləcək və partiya liderini dəyişəcək.
Cümə günü, 23 may tarixində partiyanın qapalı qurultayı keçirildi. 31 may tarixində isə rəsmi tədbirdə partiyanın iyul seçkilərinə planları elan ediləcək. Elə həmin gün partiyanın seçki siyahısında yer alan ilk 10 şəxsin adı açıqlanacaq.
RBK agentliyinin məlumatına görə, 31 may tarixində həm də partiyanın yeni sədri seçiləcəyi gözlənilir. Həmin şəxsin Radanın birinci vitse-spikeri İrina Geraşenkonun olacağı ehtimal edilir.
Poroşenko Ukrayna prezidenti seçkilərində rəqibi Vladimir Zelenskiyə məğlub oldu. Sabiq prezidentin məğlubiyyəti partiya reytinqini də aşağı salıb. Reytinq təşkilatının son rəy sorğularında ölkə əhalisinin 51,9 faizi heç bir halda bu partiyanı dəstəkləməyəcəyini bildirib.
Eyni zamanda Zelenskinin partiyası ukraynalıların səs verməyə düşündüyü siyasi qüvvələr siyahısında birinci yerdədir. Yaremenko Ukrayna Sosial Tədqiqatlar İnstitunun rəy sorğularına əsasən “Xalqın xidmətçisi” partiyasının indiki reytinqi 39,9 faizdir. Həmin sorğuya əsasən, Petro Poroşenkonun və Yuliya Timoşenkonun rəhbərlik etdiyi partiyaların reytinqləri isə 10 faizdən aşağıdır.