Accessibility links

Portlandda Tramp tərəfdarları və etirazçılarla toqquşmada bir nəfər həyatını itirib


Prezident Donald Trampın tərəfdaları maşın karvanı ilə Portland şəhərinə yollanır, 29 avqust, 2020.

Polisin bildirdiyinə görə, şənbə günü Oreqon ştatının Portland şəhərinin küçələrində prezident Donald Trampın tərəfdarları və irqi ayrı-seçkiliyə etiraz edən nümayişçilər arasında toqquşmalarda bir nəfər güllə ilə vuruluaraq öldürülüb.

Atışmanın 600 avtomobildən ibarət maşın karvanının qarşısına çıxan etirazçılarla dava zamanı baş verib-vermədiyi aydın deyil. Associated Press xəbər agentliyinin hadisə yerində olan müxbiri polisin tibb işçilərinin göründüyü kimi ağ kişinin cəsədi ətrafında toplaşdığı haqda məlumat verib.

“Porland polis işçiləri 3-cü və Alder küçələrində atəş səsləri eşidib. Onlar hadisə yerinə gedib və sinə nahiyəsindən güllə yarası alan şəxsi müəyyən ediblər. Tibbi yardım göstərilib və hadisə qurbanının öldüyü müəyyən edilib” – deyə, Portland şəhər polis şöbəsinin bəyanatında bildirilir.

Ölkənin şimal qərb bölgəsində Sakit okean sahilində yerləşən Oreqon ştatının ən böyük şəhəri olan Portland qaradərili Corc Floydun Minneapolis şəhərində polis nəzarətində ölümündən sonra üç aydan çoxdur küçə nümayişlərinə səhnədir. Yüzlərlə insan yerli və federal hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Şəhərdə atışmadan öncə polis şənbə günü bir neçə həbs keçirib və sakinlərə şəhərin mərkəzinə getməməyi tövsiyə edib.

Bu hadisə prezident Trampın Respubikaçıların Milli Qurultayında yenidən seçilmək üçün “qanun və qayda” seçki kampaniyası mövzusunun bir hissəsi olan çıxışı zamanı Portlandı zorakılıqlarla dolu liberal şəhər adlandırmasından iki gün sonra baş verib. Tramp tərəfdarları artıq üçüncü dəfədir şənbə günü şəhərdən maşın karvanı ilə keçir.

Maşın karvanı hadisənin baş verməsindən öncə yaxınlıqdakı alış-veriş mərkəzinin önündən ötüb, sonra isə Portlandın mərkəzinə yollanıb. Onlar şəhərə gəldikdə etirazçılar maşın karvanının qarşısını almağa və körpüləri bağlamağa cəhd edib.

Portland şəhər polis şöbəsi Twitter səhifəsində tərəflər arasında bəzi hallarda zorakılıqların baş verdiyini və polisin müdaxilə edərək, bəzi hallarda həbslər həyata keçirdiyini bildirib.

Qaraların Həyatı Mühümdür hərəkatının nümayişçiləri adətən polisə və federal hökumətə məxsus binaları hədəf alır. Bəzi etirazçılar polisin büdcəsinin azaldılmasına çağırır. Şəhərin meri və afroamerikalılar icmasının bəzi üzləri zorakılıqları qınayaraq, bunun əks təsiri olduğunu bildirib.

XS
SM
MD
LG