Accessibility links

Praqada Rusiya səfirliyinin yerləşdiyi əraziyə Boris Nemtsovun adı verilir


Praqa şəhər bələdiyyəsi Rusiya müxalif siyasətçisi Boris Nemtsovun öldürülməsindən sonra Rusiya səfirliyinin yerləşdiyi əraziyə onun adının verilməsini təsdiqləyib.

Şəhər bələdiyyəsi fevralın 24-də keçirdiyi səsvermədə Pod Kastany Meydanının Boris Nemtsov Meydanı adlandırılmasına qərar verib. Meydanın adının dəyişilməsi fevralın 27-də - Nemtsovun öldürülməsinin beşinci ildönümündə qüvvəyə minəcək.

Şəhər bələdiyyəsi həmçinin 2006-cı ildə güllələnmiş rusiyalı jurnalist Anna Politkovskayanın adının bir parka verilməsinə qərar verib.

"Bu jestlə Praqa bu gün Rusiyada siyasi vəziyyətin ağır olduğunu vurğulayan bir sıra digər böyük şəhərlərə qoşulacaq" - deyə, şəhər bələdiyyə şurası bildirib.

Bu addımlar şəhər bələdiyyəsində təmsil olunan bütün böyük partiyalar tərəfindən dəstəklənib.

"Hər iki şəxs demokratiyanı təbliğ edirdi və ikisi də rüsvayçı şəkildə qətlə yetirildi. Onlar xatirələrinin yad edilməsinə layiqdirlər" - Praqa meri Zdenek Hrib Twitter səhifəsində bildirib.

Məkanların adlarının müxalifət xadimlərinin xatirəsinə ehtiram göstərilməsi üçün dəyişdirilməsi və Sovet dövrünə aid adların götürülməsi Moskva tərəfindən narazılıqla qarşılanır.

XS
SM
MD
LG