Accessibility links

Gürcüstan prezidenti: Bu qanunun təsdiqlənməsindən sonra Gürcüstanın ayaqda qalması təhlükədədir


Prezident Salome Zurabişvili xəbərdarlıq edib ki, həftələrdir davam edən xalq etirazlarına və Qərbin bu addımın Gürcüstanın Avro-Atlantik istəklərini təhlükəyə atdığına dair xəbərdarlıqlarına baxmayaraq, parlamentin mübahisəli “xarici agent” qanununu təsdiqləməsindən sonra Gürcüstanın bir dövlət kimi sağ qalması təhlükə altındadır.

Mayın 15-də Tbilisidə səfərdə olan Latviya, Litva, Estoniya və İslandiyanın xarici işlər nazirləri ilə mətbuat konfransında danışan Zurabişvili bir gün əvvəl təsdiqlənmiş qanunvericiliyə veto qoyacağını təkrarlayıb. O qeyd edib ki, hökumət “nə xalqının səsinə, nə dostlarının məsləhətinə, nə də digərlərinin xəbərdarlığına qulaq asdı və öz yolu ilə getdi”.

O, "Gürcüstanın sağ qalması məsələsi bu gün təhlükə altındadır" deyib.

"Mən dostlarımıza gələcək üçün planlarımız, artıq bir neçə həftədir üzərində işlədiyim və rəsmi olaraq xalqımıza təqdim edəcəyim Avropa platformasının nə olması barədə danışdım", Zurabişvili deyib və əlavə edib ki, onun platforması gürcüləri bu ilin sonunda keçiriləcək seçkilər öncəsi səfərbər etmək deməkdir.

"Bizim yaxın planımız seçkilərə səfərbər olmaqdır. Vətənimizi sülh və Avropa yoluna çıxarmaq üçün hamımızın birlikdə qalib gələcəyimiz dinc yoldur" – deyə, o qeyd edib.

Qanun ABŞ, Avropa İttifaqı və hüquq müdafiəçiləri tərəfindən prezident Vladimir Putinin müxalifəti sıxmaq və müstəqil institutları boğmaq üçün istifadə etdiyi Rusiya qanunu təqlid etdiyinə görə pislənib.

Mayın 15-də NATO-nun sözçüsü qanun layihəsini Gürcüstanı “Avropa və Avro-Atlantik inteqrasiyadan daha da uzaqlaşdıran” “səhv istiqamətdə addım” adlandırıb.

Qanun layihəsini parlamentdən keçirən hakim “Gürcü Arzusu” partiyası ilə ziddiyyət təşkil edən Zurabişvilinin veto hüququndan istifadə etmək üçün 10 gün vaxtı var. Bununla belə, “Gürcü arzusu”nun və onun partnyorlarının parlamentdəki dominant mövqeyi prezidentin vetosunu ləğv edəcək qədər güclüdür.

Zurabişvili minlərlə gürcü nümayişçinin mayın 15-i səhər saatlarına kimi Tbilisidə qanun layihəsinə qarşı etirazlarını davam etdirdikdən bir qədər sonra danışıb.

AzadlıqRadiosunun ərazidə müxbirlərinin verdiyi məlumata görə, gecədən sonra etirazçılar parlament binasından təxminən 2 kilometr aralıda Gürcüstan paytaxtının əsas kəsişmə nöqtəsi olan Qəhrəmanlar Meydanına doğru yürüş edib və burada çevik polis azı 10 nəfəri zorakılıqla həbs edib.

Mayın 14-də üçüncü və sonuncu oxunuşda deputatlar “Gürcü arzusu” partiyasının təşəbbüsü ilə irəli sürülmüş qanunun lehinə 84, əleyhinə isə 30 səs veriblər. Hakim partiya təhlükəsizlik qüvvələri üzərində nəzarətindən istifadə edərək son həftələr su şırnaqlarından, gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etməklə etirazçıları zorakılıqla yatırmağa çalışıb.

Əsasən gənclərdən ibarət minlərlə etirazçı səsvermə ərəfəsində parlamentin qarşısına toplaşıb.

Qanun layihəsinə son təsdiqin verildiyi xəbəri yayılan kimi, parlament qarşısında qəzəbli etirazçılar binanın yaxınlığındakı metal maneələri sındırmağa çalışıblar və maskalı çevik polisin şiddətli hücumuna məruz qalıblar. Ən azı 13 nəfər həbs edilib, onlardan bəziləri polis tərəfindən zorakılıqla izdihamın arasından aparılıb.

Televiziya və sosial media görüntüləri fəal Davit Katsaravanın parlament qarşısında zorakılıqla saxlanıldığını göstərir. Daha sonra onun üzündə ciddi xəsarətlər olduğu görüntülənib. Tbilisi klinikasının həkimləri onun körpücük sümüyü və çənəsinin sındığını və əməliyyat olunduğunu bildiriblər.

Onun vəkili Eka Kobesaşvili AzadlıqRadiosuna bildirib ki, polisin basqıları zamanı həbs edilən gənc etirazçı Lazare Qriqoriadis həbsdə olarkən döyülüb.

“Gürcü Arzusu”ndan olan baş naziri İrakli Kobaxidze etirazçıları “siyasi azlığın gündəmini izləməkdə” ittiham edib və onları öz ölkələri qarşısında “böyük məsuliyyətsizlik” nümayiş etdirməkdə günahlandırıb.

Kobaxidze həmçinin Gürcüstanın ən böyük dəstəkçilərindən biri olan ABŞ-ı qanunvericiliklə bağlı “yalan” bəyanatlar verdiyinə görə tənqid edib.

Mayın 14-də Tbilisidə olan ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayn bildirib ki, qanun layihəsi rəsmən qanuniləşdirilərsə, Vaşinqtonun Cənubi Qafqaz ölkəsi ilə münasibətləri risk altında olacaq və ABŞ-ın Gürcüstana yardımı yenidən nəzərdən keçiriləcək.

"Əgər qanun Aİ normalarına uyğun gəlmədən irəliləsə və ABŞ və digər tərəfdaşlara qarşı bu cür ritorika və iftiralar davam edərsə, mən hesab edirəm ki, əlaqələr risk altındadır", O'Brayn bildirib.

Forum

XS
SM
MD
LG