“Delta ştammı xüsusi sürətlə yayılır. Biz onu Azərbaycanda aşkarlayandan sonra bilirik ki, hazırda ölkəmizdə yayılan ştamm Delta ştammıdır”.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün, avqustun 20-də keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) department rəhbəri Yaqut Qarayeva deyib.
Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Şahmar Mövsümov isə deyib ki, Azərbaycanda hazırda koronavirusa yoluxanların 94 faizi Delta ştammıdır.
Öz növbəsində Yaqut Qarayeva hesab edir ki, Delta ştammı ölkədə yoluxanların sayının artımına səbəb olur.
“Vaksinasiya 100 faiz effektiv deyil. Azərbaycanda vaksinasiya olunan şəxslərin 0,6 faizində yoluxma, ağırlaşma müşahidə olunub.”
Onun sözlərinə görə, 6 milyon ümumi doza vaksin vurulub.
“Bu gün 24 faiz əhalimiz vaksinasiya olunmuş sayıla bilər".
Bu zaman Prezidentin köməkçisi Şahmar Mövsümov təəssüflə bildirib ki, saxta COVID-19 pasportu verən tibb işçiləri də var.
“Xəstələr var ki, onların pasportu var və reanimasiyadadır. İnsan öz əli ilə pul verib və bu gün onun həyatı təhlükə altındadır”.
Onun sözlərinə görə, bu kimi faktlar araşdırılır.
“İnsanlar nəinki öz həyatı ilə oynayırlar, həm də dövlətin siyasətinə xələl gətirirlər. Bununla mübarizə davam edir. Buradan da tibb işçilərinə xəbərdarlıq edirik ki, bu kimi hallara yol verənlər məsuliyyətə cəlb olunacaqlar.”
Mövsümov həmçinin yoluxanların sayının artmasına baxmyaraq karantin rejiminin sərtləşdirilməsinə ehtiyac olmadığını bildirib. Onun sözlərinə görə, hazırda xəstələnənlərin öhdəsindən gələ bilinir.
“Əgər biz hiss etsək ki, həkimlər çatdıra bilmir, o zaman növbəti addımlarda sərtləşmə müzakirə oluna bilər".
Onun sözlərinə görə, mart ayından bu günə qədər yoluxan insanların arasında reanimasiyaya düşənlərin 96 faizi peyvənd olunmayan insanlardır.
"Süni nəfəs aparatına qoşulanların 97 faizi də vaksinasiya olunmayanlardır. Vəfat edənlərin içərisində də 99 faiz vətəndaşın vaksin olunmaması aşkarlanıb," o qeyd edib.