“Bu gün Azərbaycan Ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etmişdir. Qəhrəman ordumuzun uğurlu əməliyyatı davam edir. Qarabağ Azərbaycandır!”
Bu barədə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev oktaybrın 5-də özünün rəsmi Twitter səhifəsində bildirib.
Prezident Əliyev Azərbaycan Ordusu bundan öncəki günlərdə erməni qüvvələrinin nəzarətində olan Murov dağ silsiləsindəki mövqeləri, Tərtər rayonunun Suqovuşan (Madagiz) qəsəbəsini, Cəbrayıl rayonunu və 20-dən çox kəndə nəzarəti ələ keçirdiyini bildirib.
Erməni rəsmiləri bu açıqlamaları təsdiq etmir.
Ermənistan Müdafiə Nazirliyi yaydığı bir bəyanatda Azərbaycan qüvvələrinin tələyə salındığını bildirib. Mətbuat katibi Şuşan Stepanyan yazıb ki, erməni qüvvələri Azərbaycan tərəfdə geri çəkilmək təəssüratı yaratdıqdan sonra irəliləyən 200 Azərbaycan əsgərini artilleriya atəşi ilə öldürüblər.
"Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin Azərbaycan Ordusunun guya 200 nəfərdən artıq canlı qüvvə itirməsi barədə yaydığı məlumat yalandır, heç bir əsası yoxdur və növbəti dezinformasiyadır," Azərbaycanın hərbi sözçüsü Vaqif Dərgahlı bildirib.
Azərbaycan hərbi qüvvələrinin "dəqiq atəş zərbəsi nəticəsində Ballıca məntəqəsində yerləşən mərkəzi silah-sursat anbarı"nı məhv etdiyi bildirilir ki, burada erməni qüvvələrin "külli miqdarda müxtəlif sursat növləri" saxladığı deyilir.
Sentyabrın 27-də Azərbaycan və Ermənistan qüvvələri arasında Dağlıq Qarabağ boyunca təmas xəttində döyüşlər intensivləşib. Hər iki tərəfdə çoxsaylı hərbi itkilərin olduğu barədə məlumatlar verilir. ATƏT Minsk Qrupu həmsədr ölkələri tərəfləri dərhal atəşkəsə və danışıqlar masasına qayıtmağa çağırıb.