İyulun 10-da Azərbaycan prezidenti İlham Əliyev ilə ölkədə səfərdə olan NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Volters və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Rusiya Müdafiə nazirinin birinci müavini Valeri Gerasimov arasında görüş olub.
NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Volterslə görüşdə Azərbaycan ilə NATO arasında əməkdaşlıq, ölkənin Əfqanıstanda “Qətiyyətli dəstək” missiyasına töhfəsi məsələləri müzakirə edilib.
İlham Əliyevin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşündə isə ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub.
Görüşdə həmçinin Rusiya ilə hərbi və hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb.
Hər iki görüşdə beynəlxalq səviyyədə mühüm danışıqların mütəmadi olaraq Bakıda aparılmasının əhəmiyyəti qeyd edilib.
Xəbəri Azərbaycan prezidentinin rəsmi internet saytı yayıb.
İyulun 10-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı görüşmək üçün Bakıya gəlib.