Prezident İlham Əliyev martın 12-də Amerika Birləşmiş Ştatlarının Azərbaycanda yeni təyin olunmuş səfiri Li Litzenberqerin etimadnaməsini qəbul edib. Bu barədə Azərbaycan prezidentinin rəsmi internet səhifəsində məlumat yayılıb.
Etimadnamənin qəbulundan sonra prezident İlham Əliyevlə səfir Litezenberqer arasında görüş olub.
Məlumatda deyilir ki, prezident İlham Əliyev və səfir Li Litzenberqer Azərbaycan-ABŞ əlaqələrinin yüksək səviyyədə olması və uğurlu inkişafından məmnunluq ifadə edib.
Səfir Azərbaycanın Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyata canlı qüvvə ilə töhfəsini və həmçinin bu əməliyyat əsnasında göstərdiyi logistik və nəqliyyat dəstəyinin ABŞ hökuməti tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.
Söhbət zamanı siyasi əlaqələr, enerji təhlükəsizliyi, ticarət, demokratik inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparılıb, humanitar sahədə, o cümlədən insanlar arasında əlaqələrin inkişafının əhəmiyyəti vurğulanıb.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib.
Prezident İlham Əliyev Azərbaycanın münaqişənin həllinə dair beynəlxalq hüququn norma və prinsiplərinə və ədalətə əsaslanan mövqeyini diqqətə çatdırıb.
O bildirib ki, Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatı, o cümlədən danışıqlar formatının dəyişdirilməməsi ilə bağlı fikirlərini müsbət qarşılayır.
Prezident Əliyev və səfir Litzenberqer Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin gələcək inkişafı və daha çox sahələri əhatə etməsinin önəmi barədə fikir mübadiləsi aparıb.
Bundan öncə, yanvarın 11-də xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın yeni səfirini qəbul edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, görüş zamanı tərəflər iki ölkə arasındakı münasibətlərin hazırkı durumu ilə bağlı fikir mübadiləsi aparıb.
Nazir Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm enerji layihələri, xüsusilə də Cənub Qaz dəhlizi layihəsi haqqında məlumat verib və bu layihələrin reallaşdırılmasında ABŞ-ın dəstəyinin təqdir olunduğunu qeyd edib.
Səfir Li Litzenberqer Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfələri yüksək qiymətləndirərək, ABŞ-ın bu layihələrə dəstəyini bəyan edib. O habelə Azərbaycanın terrorçuluğa qarşı beynəlxalq mübarizəyə verdiyi dəstəyin əhəmiyyətini vurğulayıb.
Səfir Li Litzenberqer etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.
Nazir Elmar Məmmədyarov ABŞ-ın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
ABŞ-ın Azərbaycandakı yeni səfiri martın 7-də Bakıya gəlib. Səfir Litzenberqer Bakı Beynəlxalq Hava limanında jurnalistlərə bildirib ki, həyat yoldaşı Merian xanımla birgə Bakıya gəlməkdən çox məmnundur.
“Mən ABŞ səfiri kimi səlahiyyətlətimin icrasına başlamağı, insanlarınızla, mədəniyyətinizlə, rəsmilərlə tanış olmağı, xalqlarımız və ölkələrimiz arasındakı əlaqələri dərinləşdirməyi və gücləndirməyi həvəslə gözləyirəm,” Li Litzenberqer qeyd edib.
Li Litzenberqer diplomat kimi fəaliyyət göstərdiyi 34 il ərzində Əfqanıstanda, Əlcəzairdə, Belçikada, Bolqarıstanda, Fransada, Gürcüstanda, Qazaxıstanda və Serbiyada çalışıb.
"ABŞ-la Azərbaycanı güclü əlaqələr bağlayır. Bizim ölkələrimiz 25 ildir ki, təhlükəsizlik, enerji, iqtisadi artım və demokratik inkişaf kimi vacib sahələrdə əməkdaşlıq edir. Səfir kimi çalışaraq mən ikitərəfli münasibətlərimizin bütün aspektlərini gücləndirməyə və yeni əməkdaşlıq sahələrini müəyyənləşdirməyə çalışacam. Bizim ölkələrin insanları arasında olan əlaqələr güclüdür və müxtəlif insanlarla görüşüb onların fikirlərini dinləmək niyyətindəyəm,” Litzenberqer martın 6-da yaydığı video mesajında bildirib.
ABŞ Senatı yanvarın 2-də Li Litzenberqeri Azərbaycanda yeni səfir kimi təsdiq edib.
Keçmiş səfir Robert Sekutanın ölkəni tərk etməsindən 12 ay sonra yeni səfir Azərbaycana gəlib.
Litzenberqerin Dövlət Debartamentində son işi hərbi-siyasi məsələlər üzrə büroda baş müşavir olub.